Azərbaycanda İŞİD-i maliyyələşdirənlərə hökm oxundu

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayev barəsində məhkəmə hökmü çıxarılıb. Onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

E.Cəlilov və S.Şeydayevə Cinayət Məcəlləsinin 214-1-ci – terrorçuluğu maliyyələşdirmə maddəsi ilə ittiham irəli sürülüb.

İttihama əsasən, onlar 2021-ci ildən başlayaraq müxtəlif vaxtlarda sürətli pulköçürmə sistemləri vasitəsilə xarici ölkələrdə olan üçüncü şəxslərin adına pul göndəriblər. Həmin vəsaitlərin “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına silah və terror məqsədli digər vasitələrin alınması üçün çatdırıldığı müəyyən edilib.