Yeni subsidiya mexanizmi fermerə nə verəcək? – AÇIQLAMA

Aqrar Subsidiya Şurası kənd təsərrüfatında dövlət dəstəyi mexanizmlərini yeniləyib. Yeni qərarla fermerlər üçün bir sıra sahələr üzrə subsidiya məbləğləri artırılır, müasir suvarma və lazer hamarlama texnologiyalarından istifadəyə əlavə dəstək verilir. Eyni zamanda, heyvandarlıq, akvakultura, istixana təsərrüfatları, bağçılıq və aqrar emal sahələrində yeni subsidiya mexanizmləri tətbiq olunacaq.

Bəs yeni subsidiya mexanizmləri fermerlərin xərclərinə və kənd təsərrüfatında məhsuldarlığa nə qədər təsir göstərəcək?

Aqrar sahə üzrə eksperti, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Yeni subsidiya mexanizmlərinin istiqaməti ümumilikdə düzgündür, çünki dövlət dəstəyini sadəcə hektara pul verməkdən çıxarıb məhsuldarlığı və texnologiyadan istifadəni stimullaşdırmağa yönəldir. Məsələn, 22 ixtisaslaşmış rayonda müasir suvarma ilə buğda əkən fermerə 400 manat, ənənəvi və ya dəmyə əkinə isə 200 manat subsidiya nəzərdə tutulur. Müasir suvarma olan sahələrdə kartof, tərəvəz və paxlalılar üzrə də daha yüksək ödəniş müəyyənləşdirilib.

Lazer hamarlama üçün əlavə 250 manatlıq dəstək də maraqlı mexanizmdir. Bunun məntiqi ondan ibarətdir ki, dövlət fermeri yalnız nəticəyə görə deyil, məhsuldarlığı yüksəldə biləcək texnologiyaya keçidə görə də mükafatlandırır. Eyni zamanda kənd təsərrüfatı texnikası, lazer hamarlayıcılar, damcı suvarma sistemləri, soyuducu anbarlar, siloslar və günəş panelləri üzrə güzəştlərin artırılması texnologiyanın ilkin xərcini azaltmağa kömək edə bilər”.

Ekspertə görə, burada əsas məsələ subsidiyanın məbləğindən daha çox onun fermerin real xərcinin hansı hissəsini qarşıladığıdır: “Məsələn, hektara əlavə 250 manat verilməsi yaxşı stimuldur, lakin lazer hamarlamanın, müasir suvarma sisteminin və digər texnologiyaların ümumi investisiya xərci yüksəkdirsə, kiçik fermer yenə də bu texnologiyaya keçməkdə çətinlik çəkə bilər. Yəni subsidiya təkbaşına texnoloji dönüş yaratmaya bilər. Bunun üçün güzəştli kredit, lizinq, texniki xidmət və fermerlərin texnologiyadan düzgün istifadə etməsi üzrə məsləhət xidmətləri də paralel işləməlidir.

Digər problem odur ki, daha yüksək subsidiya avtomatik olaraq daha yüksək məhsuldarlıq demək deyil. Torpağın keyfiyyəti, toxumun keyfiyyəti, gübrə, pestisid, aqrotexniki xidmət, su təminatı və məhsulun satış qiyməti kimi amillər də nəticəyə ciddi təsir edir. Məsələn, fermer müasir suvarma sisteminə keçsə də, keyfiyyətli toxumdan istifadə etmirsə və ya məhsulunu normal qiymətə sata bilmirsə, dövlətin verdiyi əlavə subsidiya gözlənilən iqtisadi nəticəni yaratmayacaq.

Ən ciddi məsələlərdən biri subsidiya siyasətinin nəticələrinin ölçülməsidir. Dövlət nə qədər vəsait ayırdığını deyil, həmin vəsait hesabına hektardan məhsuldarlığın nə qədər artdığını, su sərfiyyatının nə qədər azaldığını, fermerin maya dəyərinin nə qədər aşağı düşdüyünü və kənd təsərrüfatı məhsulunun rəqabət qabiliyyətinin nə qədər yüksəldiyini də ölçməlidir. Əgər subsidiya artır, amma məhsuldarlıq və fermerin gəliri ciddi dəyişmirsə, deməli mexanizmin müəyyən hissəsi yenidən nəzərdən keçirilməlidir”.

Akif Nəsirli qeyd edib ki, əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi isə fermer üçün daha birbaşa və praktik üstünlük yarada bilər: “Kənd təsərrüfatında əsas problemlərdən biri odur ki, fermer toxum, gübrə, yanacaq, suvarma və digər xərcləri məhsulu satmamışdan aylar əvvəl ödəməlidir. Buna görə subsidiya pulunun bir hissəsinin mövsümün əvvəlində verilməsi fermerin dövriyyə vəsaiti problemini müəyyən qədər yüngülləşdirə bilər. Lakin 30 faizlik avans da bütün problemi həll etmir. Əgər fermerin ümumi istehsal xərcləri yüksəkdirsə, bu məbləğ yalnız ilkin xərclərin bir hissəsini qarşılaya bilər. Üstəlik, avans mexanizminin işləməsi üçün ödənişlərin vaxtında və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsi çox vacibdir. Fermer pulu əkin mövsümü başa çatdıqdan sonra alırsa, avansın əsas məqsədi itmiş olur. Məncə, yeni mexanizmin ən müsbət tərəfi subsidiya məbləğinin texnologiyadan istifadə ilə əlaqələndirilməsidir. Bu, fermerə “nə qədər çox subsidiya alım?” yox, “daha məhsuldar olmaq üçün hansı texnologiyaya keçim?” sualını verməyə vadar edə bilər. Amma bunun real nəticəyə çevrilməsi üçün subsidiya, güzəştli kredit, sığorta, texniki xidmət, keyfiyyətli toxum və məhsulun satış bazarı bir-birindən ayrı deyil, vahid sistem kimi işləməlidir. Əks halda dövlət daha çox pul xərcləyəcək, amma fermerin əsas problemi – yüksək maya dəyəri, su çatışmazlığı, bahalı texnika, satış problemi və gəlirliliyin aşağı olması – tam həll edilməyəcək. Əsl uğur isə subsidiyanın nə qədər artırılmasında deyil, fermerin hər hektardan daha çox və daha ucuz məhsul götürə bilməsində ölçülməlidir”.