İsraildə seçki öncəsi şok: Netanyahu hakimiyyəti itirə bilər

İsraildə yaxınlaşan parlament seçkiləri öncəsi baş nazir Benyamin Netanyahunun yenidən hökumət qurması üçün tələb olunan 61 mandatı əldə etməsi çətinləşir.

“Jerusalem Post”un məlumatına görə, son sorğular Netanyahu üçün narahatedici mənzərə ortaya qoyub. 120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.

Sorğulardan birində Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yashar” partiyasının 26 mandatla Netanyahunun “Likud” partiyasını geridə qoyduğu, “Likud”un isə 23 mandat topladığı bildirilib.

Netanyahuya qarşı siyasi qüvvələr isə seçkidən sonra 61 mandatlıq çoxluq formalaşdırmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edir. Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot da Netanyahu hökumətini devirmək üçün müxalifətin 61 mandat qazanmasının vacibliyini vurğulayıb.

İsrailin KAN telekanalının məlumatına görə, Netanyahu qapalı toplantılardan birində partiyasının vəziyyətini də müzakirə edib. Baş nazirin “10 mandat itirmişik və onları necə geri qaytaracağımızı bilmirəm” dediyi və vəziyyət dəyişməsə, “Likud”un seçkiləri uduza biləcəyini bildirdiyi qeyd olunub.

Netanyahunun öz xeyrinə olan ictimai rəy sorğularına da şübhə ilə yanaşdığı və partiyasının vəziyyətinin sorğularda göründüyündən daha pis olduğuna inandığı bildirilir.