Türkiyə tarixi rəqəmsallaşdırdı: Azərbaycan torpaqlarında qurulan dövlətlər vahid interaktiv xəritədə – DETALLAR

Türkiyədə İslam dünyasının təxminən 1300 illik keçmişini, sülalələrini və tarixi şəxsiyyətlərini xəritələndirən genişmiqyaslı “İslam Tarixi Atlası” (İslam Tarih Atlası) adlı rəqəmsal platforma istifadəyə verilib.

Türkiyə İmam Xatiplilər Vəqfinin (TİMAV) nəzdində, Səlcuq Universitetinin alimlərinin iştirakı ilə hazırlanan bu interaktiv layihə 632–1924-cü illər arasındakı dövrü əhatə edir.

Platformanın əsas rəqəmsal məlumat bazasına aşağıdakılar daxildir:

Dövlətlər və hökmdarlar:

Klifford Edmund Bosvortun fundamental əsəri əsasında 186 İslam sülaləsi və 830 hökmdarın xronologiyası xəritəyə köçürülüb.

Bioqrafik qeydlər:

Ziriklinin “əl-A’lam” əsərindən 13 940 bioqrafik data və “TDV” İslam Ensiklopediyasından 8 528 alimin həyatı yerləşdirilib.

Coğrafi məkanlar:

Yaqut əl-Həməvinin məşhur coğrafiya lüğətindən 12 954 məkan rəqəmsallaşdırılıb.

Tarixi səyahətlər:

İbn Bətutənin 317, Övliya Çələbinin isə 5 444 dayanacaq nöqtəsi interaktiv interfeysə əlavə edilib.

Hazırda türk, ərəb və ingilis dillərində fəaliyyət göstərən platforma sadəcə statik bir xəritə deyil, alimlər, şəhərlər və dövlətlər arasındakı müəllim-tələbə və ya xələf-sələf kimi tarixi əlaqələr şəbəkəsini də vizuallaşdırır.

Moderator.az-ın araşdırmasından bəlli olub ki, bu nəhəng layihə bölgəmizin zəngin keçmişini öyrənmək istəyən Azərbaycan oxucusu üçün də mühüm yeniliklər vəd edir:

Azərbaycan ərazisindəki tarixi dövlətlər və sülalələr bir “klik”lə ekranda:

 Azərbaycanlı oxucular platformanın interaktiv zaman xəttindən istifadə edərək: Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər kimi orta əsr Azərbaycan dövlətlərinin, bölgədə dərin iz qoyan Böyük Səlcuqlu imperiyasının, Eldənizlər (Azərbaycan Atabəyləri), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, Şərq dünyasının ən qüdrətli imperiyalarından olan Səfəvilər və Əfşarların sərhədlərini, paytaxtlarını və hökmdarlarının şəcərəsini interaktiv şəkildə izləyə bilərlər.

Bakı, Gəncə, Təbriz və Naxçıvanın tarixi şəbəkəsi:

Platforma sadəcə dövlət sərhədlərini göstərmir. Yaqut əl-Həməvinin məşhur “Mü’cəmü’l-Büldan” (Ölkələr lüğəti) əsərindən rəqəmsallaşdırılan 12 954 coğrafi məkan arasında Azərbaycanın tarixi şəhərləri – Bakı, Təbriz, Gəncə, Naxçıvan, Bərdə, Şamaxı və Dərbənd də var. Oxucular bu şəhərlərin İslam coğrafiyasındakı ticarət, elmi və inzibati çəkisini vizual laylar vasitəsilə görə bilərlər…

Azərbaycanlı alimlərin müəllim-tələbə şəbəkəsi…

Atlasda Ziriklinin “əl-A’lam” əsəri və TDV İslam Ensiklopediyasındakı məlumatlar əsasında minlərlə alimin bioqrafik datası xəritəyə inteqrasiya olunub. Bura Xətib Təbrizi, Şihabəddin Sührəvərdi kimi onlarla azərbaycanlı mütəfəkkirin həyatı, onların İslam dünyasının digər elmi mərkəzlərindəki (Bağdad, Dəməşq, Qahirə və s.) alimlərlə qurduğu müəllim-tələbə və xələf-sələf əlaqələri də daxildir. Layihə bu şəbəkəni vizual tellərlə bir-birinə bağlayır…

Səyyahların gözü ilə Azərbaycan…

Xəritədə məşhur səyyahlar İbn Bətutə və Övliya Çələbinin səyahət marşrutları xüsusi qeyd edilib. Oxucular bu səyyahların Azərbaycan torpaqlarından keçərkən hansı şəhərlərdə dayandıqlarını, bölgənin o dövrlərdəki sosial-iqtisadi həyatını necə təsvir etdiklərini interaktiv xəritə üzərindən addım-addım təqib edə bilərlər.

Rəqəmsal bazası mütəmadi olaraq yenilənən platformanın yaxın gələcəkdə mobil tətbiqinin də istifadəyə verilməsi nəzərdə tutulur.