Uşaqlarda bu əlamətlərə DİQQƏT! – Professor yayılan virus ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Son günlər uşaqlar arasında yüksək hərarət, ardınca üzdə başlayan və daha sonra bədənin digər nahiyələrinə yayılan səpkilərlə müşayiət olunan hallara rast gəlinir. Müayinə zamanı bəzi uşaqlarda bunun Parvovirus B19 infeksiyası olduğu bildirilib.

Parvovirus B19 nədir və bu infeksiya uşaqlar arasında nə dərəcədə yayılıb? Bu, son dövrlərdə daha çox müşahidə olunan yeni bir infeksiyadır, yoxsa əvvəldən məlum olan virusdur? Xəstəliyin əsas əlamətləri və mümkün fəsadları hansılardır? Xüsusilə uşaqlar üçün hansı risklər yarada bilər?

Valideynlər hansı hallarda narahat olmalı və mütləq həkimə müraciət etməlidirlər? 

Hazırda bu virusla bağlı cəmiyyətdə həyəcan təbili çalmağa əsas verən hər hansı ciddi epidemioloji vəziyyət var?

Moderator.az mövzu ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla ilə həmsöhbət olub.

Professor bildirib ki, Parvovirus B19 ümumi virus infeksiyasıdır. İnsanlarda baş verir və yoluxma insanlar arasında olur. Xüsusilə uşaqlarda daha çox rast gəlinir. Bu xəstəliyin bir adı da infeksion eritemadır:

“Xəstəlik, əsasən, bədənin müxtəlif nahiyələrində, xüsusilə yanaqlarda və bədənin ayrı-ayrı hissələrində səpkilərlə müşahidə olunur. Bununla yanaşı, qripə bənzər əlamətlər və oynaq ağrıları da ortaya çıxır. Qripə bənzər əlamətlərə asqırma, öskürmə, bəlğəm gəlməsi, burunun tutulması, müəyyən dərəcədə qızdırma, baş və bel ağrıları, eləcə də oynaq ağrıları daxildir.

Xəstəlik əsasən tənəffüs yolu ilə, hava-damcı yolu vasitəsilə yayılır. Asqırma və öskürmə zamanı virus havaya yayılır və digər insanlara keçir. Ümumiyyətlə, xəstəlik yoluxucudur. Yoluxmuş şəxs ətrafındakı insanları, xüsusilə də kollektivdə olan şəxsləri yoluxdura bilər.

Xəstəlik yüksək risk qrupuna aid şəxslərdə daha ağır keçə bilər. Xüsusilə anemiyası, qanazlığı olan, immuniteti zəif şəxslərdə, hamilə qadınlarda və digər risk qruplarında xəstəliyin ağırlaşma ehtimalı daha yüksəkdir.

Ona görə də xəstəlik baş verdiyi halda mümkün qədər yataq rejiminə keçmək, bol maye qəbul etmək, immuniteti möhkəmləndirmək üçün fiziki aktivliyi artırmaq və meyvə-tərəvəzə daha çox üstünlük vermək lazımdır. Əlbəttə ki, bunlar ağırlaşmaların qarşısının alınması baxımından çox vacibdir.

Lakin hər hansı narahatlıq artarsa, həkimə müraciət etmək lazımdır. Özbaşına dərman qəbul etmək məsləhət deyil. Yalnız qızdırma 39 dərəcəni keçdikdə parasetamol qəbul etmək olar. Qalan hallarda isə çalışmaq lazımdır ki, əlavə dərman qəbul edilməsin”.