Bu Amerika ştatında soruşulanların 80 faizi İsrailin Qəzzada soyqırım apardığını bildirir…-İSRAİL KİV

ABŞ Demokrat Partiyasının seçiciləri İsrailə hansı “cəzanın” verilməli olduğunu açıqlayıblar…

“YouGov” şirkətinin keçirdiyi yeni sorğuya əsasən, ABŞ-da 2028-ci il prezident seçkiləri öncəsi ilkin seçkilərin keçiriləcəyi ilk altı ştatdakı Demokrat Partiyası seçicilərinin əksəriyyəti İsrailə qarşı sanksiyaların tətbiqini və bu ölkəyə silah tədarükünün tamamilə dayandırılmasını dəstəkləyir.

Söhbət Cənubi Karolina, Nevada, Nyu-Hempşir, Nyu-Meksiko, Miçiqan və Virciniya ştatlarından gedir. Bu ştatlarda 2028-ci il prezident seçkiləri üçün ilk praymerizlər keçiriləcək. Buna görə də onların seçiciləri Demokratlar Partiyasının namizədinin və potensial olaraq ABŞ-ın növbəti prezidentinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıyacaqlar.

Moderator.az  bu haqda İsrail mediasına istinadla xəbər verir.

Miçiqanda sorğuda iştirak edənlərin 80 faizi İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini düşündüyünü bildirib. 45 yaşdan aşağı respondentlər arasında isə bu göstərici 91 faiz olub. Respondentlərə “İsrailin Qəzzada yaşayan fələstinlilərə qarşı soyqırım törətdiyini düşünürsünüzmü?” sualı verilib.

Qeyd edək ki, digər 5 ştatda da sorğuda iştirak edən Demokrat seçicilərin əksəriyyəti İsrailin Qəzzada soyqırım törətdiyini düşünür. Mövcud nəticələrə görə bu göstərici Nevada və Nyu-Hempşirdə 78 faiz, Nyu-Meksikoda 76 faiz, Virciniyada 72 faiz, Cənubi Karolinada isə 57 faizdir.

2028-ci il Demokrat praymerizlərinin ilk keçiriləcəyi Cənubi Karolinada respondentlərin 52 faizi İsrailə silah satışına qarşı çıxıb. Belə mövqenin praktiki şəkildə həyata keçirilməsi ABŞ-ın müttəfiqi İsrailə silah tədarükünə embarqo qoyulması anlamına gələ bilər.

Sorğunun nəticələrinə əsasən, 6 ştatın hamısında respondentlərin əksəriyyəti İsrailə qarşı sanksiyaların tətbiqini və Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı həbs qərarının icra olunmasını da dəstəkləyib.

Beləliklə, nəticələr ABŞ Demokrat Partiyasının seçiciləri arasında İsrailə münasibətin dəyişdiyini göstərən son göstəricilərdən biri kimi qiymətləndirilir. “Əl-Cəzirə”nin məlumatına görə, sorğu Fələstin hüquqlarını dəstəkləyən “IMEU Policy Project” tərəfindən sifariş edilib və “YouGov” tərəfindən keçirilib.

Maraqlıdır ki, İsrailin Qəzzadakı hərəkətlərinə münasibət ABŞ-da siyasi baxışlara görə ciddi şəkildə fərqlənir. Daha əvvəl keçirilmiş müxtəlif sorğularda da Demokrat seçicilər arasında İsrailin Qəzzada soyqırım törətdiyini düşünənlərin sayının artdığı müşahidə olunub.