Rusiya Hind okeanına yeni yol açmaq istəyir: 7 min kilometrlik plan reallaşacaq?

Rusiya Hind okeanına quru yolla çıxışı təmin edəcək yeni dəmir yolu layihəsini gündəmə gətirib. Moskva bu marşrutla həm yükdaşımalarını asanlaşdırmağı, həm də Bosfor və Hörmüz boğazlarından asılılığı azaltmağı hədəfləyir. Layihənin həyata keçməsi isə bir sıra siyasi və təhlükəsizlik məsələlərindən asılıdır.

Rusiyanın bu təşəbbüsünü hansı zərurət ortaya çıxarıb? 

Maraqlıdır, belə bir dəmir yolu layihəsinin reallaşması nə dərəcədə mümkündür və bu marşrut regionda iqtisadi, eləcə də geosiyasi baxımdan hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Azad Məsiyev açıqlama verib. 

Ekspert bildirib ki, başda Amerika Birləşmiş Ştatları olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. Başda Amerika olmaqla Avropa dövlətləri Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün münaqişəyə cəlb etdilər:

“Rusiya-Ukrayna münaqişəsinin yaradılması ilə Rusiyaya tətbiq olunan sanksiyalar da Rusiyanı dünya iqtisadi sistemindən təcrid etməyə hesablanıb. Bu təcridin məqsədi Rusiya daxilində iqtisadi xaos yaratmaq, sosial vəziyyəti gərginləşdirməkdir. Rusiyanın dünya bazarına çıxmasının qarşısını almaq üçün “bütün vasitələr məqbuldur” prinsipi Birləşmiş Ştatlar və Qərb tərəfindən tətbiq olunur.

Rusiyanın nəqliyyat infrastrukturuna məhdudiyyətlər qoyulur. Bildiyiniz kimi, bir çox dövlətlər Rusiya gəmilərini həbs edir. Xüsusilə Böyük Britaniya Rusiya gəmilərinin saxlanılmasına göstəriş vermişdi və bu da Rusiya-Böyük Britaniya qarşıdurmasının siyasi baxımdan daha da gərginləşməsinə gətirib çıxardı. Ümumilikdə, bu sanksiyalara və təzyiqlərə baxmayaraq, Rusiya dünya bazarına çıxmaq üçün yollar axtarır. 

Bu yollardan biri də Rusiyanın cənub cinahıdır. Bildiyiniz kimi, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilib, Qara dənizdə böyük gərginlik var. Bu baxımdan Rusiyanın cənub cinahı, Cənubi Qafqaz üzərindən İrana, İrandan İran körfəzinə, oradan da Hind okeanına çıxış yolu var. Şimal-Cənub dəhlizinin də məhz bu baxımdan həyata keçirilməsi üçün danışıqlar gedir və layihə artıq gündəmə çıxıb, aktuallaşıb”.

Azad Məsiyev vurğulayıb ki, İranda aparılan hərbi əməliyyat da məhz Rusiyanın cənub cinahının bağlanmasına hesablanıb:

“Yəni İran Amerika tərəfindən işğal edilərsə və Amerikanın strategiyasına görə, əməliyyat başlamazdan qabaq Amerika rəsmiləri açıq bəyan etdilər ki, İranda hakimiyyəti dəyişəcəklər. Yəni İranı işğal edib, orada hakimiyyəti dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaq idi.

Məqsəd Rusiyanın cənub cinahını bağlamaqdır. Rusiyanın İran üzərindən İran körfəzinə, oradan da Hind okeanına çıxış yolunu bağlamaqdır.
Amma proses onu göstərir ki, İranda aparılan hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğradı və bu, Amerika Birləşmiş Ştatlarının imicinə və Trampın siyasi nüfuzuna böyük xələl gətirdi. Faktiki olaraq, İranın da dirəniş göstərməsi Birləşmiş Ştatların, Amerikanın apardığı bu siyasətin fiaskoya uğraması deməkdir.

Buna baxmayaraq, Rusiya bütün yollara əl atacaq. Rusiya böyük əraziyə malik olan bir dövlətdir. Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərdən biridir. Rusiya açıq şəkildə, Avropa ilə əlaqəsi kəsilsə də, artıq Çinlə, Hindistanla və ümumiyyətlə, BRİKS təşkilatının formalaşması və dünyada yeni bir güc mərkəzinin meydana gəlməsi üçün mübarizə aparır və siyasət həyata keçirir.

Artıq bu siyasət də reallaşmağa doğru gedir. Bu baxımdan Rusiya artıq Avropa ilə əlaqəsini kəssə də, dünya bazarına çıxış yolları genişdir. İstər Şimal yolu ilə, istər Sakit okean üzərindən, istərsə də cənub cinahı üzərindən Hind okeanına çıxış mümkündür”.

Siyasi şərhçi əlavə edib ki, dünyada baş verən hərbi xaos Rusiyanı təcrid etməyə hesablanıb, amma bu təcrid özünü hələ ki doğrultmur:

“Nəticədə dünyada hərbi xaos iqtisadi xaosun yaranmasına gətirib çıxara bilər və bundan dünya ictimaiyyəti, dünya dövlətləri əziyyət çəkəcək. Ən böyük ziyan isə Avropa dövlətlərinə, elə Ukraynaya dəyib. 

Proses onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının strategiyası dünyada birqütblü dünya yaratmaq və bunu da Amerika imperatorluğunun nəzarəti altında idarə etməkdir. Bu baxımdan Amerika imperatorluğuna təhlükə yaradan bütün amillər aradan qaldırılmalıdır.

Amerika imperatorluğuna isə üç təhlükə mənbəyi var. Onlardan biri hərbi gücünə görə Rusiyadır. Bu baxımdan Rusiyanı dünya iqtisadi-siyasi sistemindən təcrid etməyə çalışırlar. İkincisi, iqtisadi gücünə görə Çin Amerika imperatorluğu üçün təhlükədir. 

Üçüncüsü, Avropanın pul vahidi olan avro maliyyə gücünə görə təhlükədir. Ona görə də Amerika strategiyasına görə, bu imperatorluğa təhlükə yaradan üç amili aradan qaldırmaq üçün Amerika strateji siyasət həyata keçirir və bunun başlıca hədəflərindən biri Rusiyadır.

Rusiyanı iqtisadi-siyasi sistemdən təcrid etmək üçün uzun müddətdir Rusiya ətrafında qaynar ocaqlar yaradılır. Hazırda da Qərbin əsas strateji marağı Cənubi Qafqazdır. Çünki Qərb çalışır ki, üç Cənubi Qafqaz respublikasını öz təsirinə salsın, Rusiyanın cənub cinahını bağlasın və Hind okeanına çıxış yolunun qarşısını alsın.
Gürcüstanın baş naziri də açıq şəkildə nə bəyan etdi? Avropa Birliyi Gürcüstana təzyiq edir ki, Rusiya ilə ikinci cəbhəni açsınlar, Rusiyanın cənub cinahını bağlasınlar. 

Gürcüstanla münaqişənin yaranması cənub cinahının bağlanmasına gətirib çıxara bilər. Ermənistan üzərindən, Ermənistanın hakimiyyətini də öz nəzarətinə alaraq, Paşinyan vasitəsilə Rusiyanın cənubda nüfuzunu, Ermənistanda Rusiyanın nüfuzunu zəiflətmək üçün siyasət həyata keçirilir.

Bu baxımdan, dediyim kimi, Rusiyanı dünya iqtisadi-siyasi sistemindən təcrid etmək üçün Rusiya ətrafında qaynar ocaqlar yaradılır və Rusiya münaqişəyə cəlb edilir. Daha doğrusu, Qərb Rusiyanın sərhədlərində yerləşən dövlətlərdən bir vasitə kimi Rusiya əleyhinə istifadə etmək istəyir. Bu baxımdan Rusiyanın təcrid edilməsi siyasəti gündəmdədir.

Ekspert bildirib ki, buna baxmayaraq, Rusiya bu təzyiqlərə duruş gətirir, müqavimət göstərir və özü də yollar axtarır:

“Hesab edirəm ki, nə qədər Qərb bu münaqişədə fəal iştirak etsə də, Rusiya da ona adekvat cavab verir və müqavimət göstərir. Rusiyanı dünya siyasi-iqtisadi sistemindən təcrid etmək qeyri-mümkündür. 

Çünki Rusiya həm dünyada güc mərkəzidir, həm nüvə arsenalına malikdir, həm geniş əraziyə, həm də böyük təbii sərvətlərə malikdir. Rusiyada çoxsaylı yeraltı və yerüstü təbii sərvətlər var və dünyanın Rusiyaya ehtiyacı var. İstər taxıl baxımından, istər neft-qaz baxımından, istərsə də təbii sərvətlər baxımından.

Təbii ki, bu faktor, təbii sərvətlər faktoru Rusiyanı dünya bazarına cəlb edir və dünya dövlətlərinin Rusiyanın təbii sərvətlərinə marağı artır. Buna görə də Rusiya Qərbin təzyiqlərinə duruş gətirərək, müqavimət göstərərək dünya bazarına çıxış yollarını tapacaq və ona mane olan bütün amilləri aradan qaldıracaqdır.

Hesab edirəm ki, Rusiyaya qarşı aparılan təzyiq kampaniyası da buna hesablanıb. Xüsusilə bayaq dediyim kimi, Böyük Britaniyanın Rusiya gəmilərinə qarşı təzyiq kampaniyası onu göstərir ki, Rusiyanın dənizə çıxış yollarına məhdudiyyət qoymaq istəyirlər. Amma buna adekvat cavab veriləcək və bu cür təzyiqlər Üçüncü Dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər ki, bu da bəşəriyyətin böyük əziyyət çəkməsinə səbəb olar”.