2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər var.
Modern.az Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illərin qəbul planlarını müqayisə edib.
Müqayisəyə əsasən, Bakı Dövlət Universitetində jurnalistika ixtisasının Azərbaycan bölməsi üzrə 2025-ci ildə 100 plan yeri ayrılıb. 2026-cı ildə isə bu rəqəm 80 yerdir. Hər iki ildə illik təhsil haqqı 2400 manatdır.
BDU-nun rus bölməsində jurnalistika üzrə plan yerlərinin sayı 20-dən 15-ə düşüb. Burada da təhsil haqqı dəyişməyib – 2400 manatdır.
Tədrisi ingilis dilində olan jurnalistika ixtisası üzrə hər iki ildə 25 plan yeri ayrılıb. İllik təhsil haqqı 2400 manatdır.
Beləliklə, BDU-da jurnalistika üzrə ümumi plan yerlərinin sayı 2025-ci ildə 145 olduğu halda, 2026-cı ildə 120-dir. Universitet üzrə qəbul planında 25 yer azalma var.
Azərbaycan Dillər Universitetində tədrisi ingilis dilində olan jurnalistika ixtisasına 2025-ci ildə 60, 2026-cı ildə də 60 plan yeri ayrılıb. Əsas dəyişiklik təhsil haqqındadır. Ötən il 1700 manat olan illik təhsil haqqı bu il 2200 manat olaraq müəyyənləşdirilib.
Bakı Slavyan Universitetində isə əksinə, jurnalistika üzrə plan yerlərinin sayı artıb. Azərbaycan bölməsinin əyani təhsil formasında 2025-ci ildə 20 yer ayrılıbsa, 2026-cı ildə bu rəqəm 45-dir. İllik təhsil haqqı da 2000 manatdan 2400 manata yüksəlib.
Universitetin rus bölməsində 2025 və 2026-cı illərin hər birində jurnalistika üzrə 30 plan yeri ayrılıb. İllik təhsil haqqı 2200 manatdır.
2026-cı ildə BSU-da jurnalistika ixtisasının qiyabi təhsil formasına da 10 plan yeri ayrılıb. Bu ixtisas üzrə illik təhsil haqqı 2000 manatdır.
Nəticədə, BDU, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti üzrə jurnalistika ixtisasına 2025-ci ildə ümumilikdə 255, 2026-cı ildə isə 265 plan yeri ayrılıb. BDU-da plan yerlərinin sayı 25 yer azalıb, BSU-da isə Azərbaycan bölməsi üzrə 25 yer artıb və əlavə olaraq qiyabi təhsil formasında 10 yer müəyyənləşdirilib.



