Aktyor Rasim Balayevin doğum günüdür

Xalq artisti Rasim Balayevin adı Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazılmışdır. Görkəmli kinematoqrafçılarla çiyin-çiyinə çalışan aktyor geniş potensialı, istedad və bacarığı sayəsində onlarla maraqlı, məzmunlu ekran personajları ərsəyə gətirmiş, sənət biliciliyi sayəsində filmlərin baxımlılığını artırmış, respublikamızda və ölkədən kənarda tanınmasına imkan yaratmışdır. Yaradıcılıq filmoqrafiyasına 200-ə yaxın film daxil olan sənətkarın kino fəaliyyəti bu mənada gənc nəsil aktyorlar üçün məktəbdir, örnəkdir.

Kinoya bağlılığını hələ tələbəlik illərindən (1965-1969) təsdiqləyən aktyor ilk rolundan etibarən kino sənətinin həyatın inkişafına təkan verdiyini, ictimai təfəkkürün formalaşmasında mühüm rol oynadığını sübut etmişdir. Görkəmli kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmində baş rolda çəkilməsi onun tez bir zamanda məşhurlaşmasına, ardıcıl olaraq filmlərə dəvət almasına, baş və aparıcı rollar ifaçısı kimi tanınmasına imkan yaratmışdır. Romantik və realist aktyor məktəbinin ənənələrini yaradıcılığında ustalıqla əks etdirən aktyor müxtəlif janrlı filmlərdə fərqli, maraqlı xarakterlər nümayiş etdirmiş, sənət texnikasının zənginliyini, peşə sirlərinin dərinliyini duyma, bilmə qabiliyyətini hər bir rolunda təsdiqləmişdir.

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsimi insan zəkasının, istedadının və hisslərinin, gözəlliyinin  tərənnümçüsüdür. O, hürufilərin amalını, ideyasını fəlsəfi-poetik şeirləri ilə təlqin edir, müasirləri arasında yayır. Şairin lirik-poetik əsərləri bəşəriyyətin xilaskarı olan xoş duyğuları tərənnüm edir, düşüncələri formalaşdırır, qəlblərə nəciblik, gözəllik gətirir. Lakin əksər hallarda insanların bir-birindən əsirgədiyi xeyirxah əməllərin yoxluğu, kasadlığı cəmiyyəti, eləcə də bəşəriyyəti boz aləmin sakini olmağa məcbur edir. Kamil düşüncəsinə, müdrikliyinə görə könülləri vəsf edən səma şairinin fəlsəfi-psixoloji şeirləri bütünlüklə insanlığı kainatın xilasına, nicatına səsləyir. Həqiqət carçısının unudulmaz şəxsiyyətini, bütün dövrlər üçün aktual, gərəkli olan yaradıcılığını ustalıqla çatdıran novator aktyor kinonun cəmiyyətin maariflənməsi istiqamətindəki rolunu, üstünlüyünü ustalıqla təsdiqləmiş, sənət biliciliyini sübut etmişdir.

Sənət sevgisini digər ekran personajları ilə də təsdiqləyən aktyor bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı filmlərdə bir-birindən maraqlı, dolğun obrazlar yaratmış, digər baxımlı ekran obrazlarından olan Azər (“Ömrün ilk saatı”), Beyrək (“Dədə Qorqud”), Cəbi (“Arxadan vurulan zərbə”), Babək (“Babək”), Sənan (“Xoşbəxtlik qayğıları”), Nicat (“Gözlə məni”), polkovnik Həbibi (“Doğma sahillər”), Elmar (“İstintaq”), Mirzə Fətəli Axundzadə (“Sübhün səfiri”) və digər baxımlı ekran personajları ilə müxtəlif dövr müasirlərinin xarakterlərini, cəmiyyətdəki rolunu, ideyasını, amalını yüksək sənətkarlıq keyfiyyəti ilə çatdırmışdır.

Sənətin sirlərinə yaxşı bələd olan aktyor özünəməxsus ifa maneraları ilə obrazları orijinal, fərqli çalarlarda təqdim etmişdir. Filmin ümumi ideyasını, müəlliflərin mesajlarını ciddi təqdimatı fonunda açmağa, müxtəlif dövr müasirlərinin davranışlarını, düşüncələrini dəqiqliklə çatdırmağa müvəffəq olmuşdur. Personajların təfsirində əksini tapan niyyət və məqsədlər aktyorun genişplanlı yaradıcılığında təsdiqini tapmış, müxtəlif dövrlərin, sosial mühitin ab-havası dəqiq maneralarla çatdırılmışdır.

Kino istedaddan, yaraşıqlı xarici görünüşdən əlavə, daxili zənginliyi, intuitiv yanaşmanı sevir. Rasim Balayev də kino rollarına həssaslıqla yanaşmış, xarakterləri dəqiqliklə cilalamış, obrazların daxili məninə nüfuz edərək ekran hadisələrinin dərindən qavranılmasına, mövzuların ətraflı şərhinə nail olmuşdur. Müsbət xarakterli rolları ilə yanaşı, mənfi cəhətli obrazlarını da xarakter səviyyəsində canlandırmışdır, hadisələrin mahiyyətini açıqlamışdır. Aktyorun “Bir ailəlik bağ evi” filmində oynadığı mürəkkəb xarakterli Əli, “Həm ziyarət, həm ticarət” filmindəki fırıldaqçı Davud, “Küçələrə su səpmişəm” kinodramındakı Bəhmən, “Qanlı zəmi” tarixi-bioqrafik filmindəki Səlim bəy, “Qatır Məmməd” filmindəki Əziz, “Tənha narın nağılı” kinodramındakı Yaqub və digər mənfi xarakterli rollarının təfsirində müxtəlif dövrün kədərli, qarışıq hadisələrinin məzmunu aydınlanmış, qəliz münasibətlər təqdim olunmuşdur. İnsanlar arasındakı münasibətlərin kəskinləşməsində, dramatik vəziyyətlərin yaranmasında aktyorun süjeti, hadisələri dərindən duymasının vacib olduğunu göstərmiş, obrazların mövqeyini izləyicilərin mühakiməsinə vermişdir. Həyatın inkişafında mədəni davranışın, xoş ünsiyyətin mühüm rolu olduğunu peşəkar ifasında təbliğ etmişdir.

Aktyor texnikasının mahir bilicisi olmaq, xarakterləri dəqiq çatdırmaq, baş verən hadisələrin səbəbini açıqlamaq, ədəbi əsərlərin kinodakı əhəmiyyətini vurğulamaq deməkdir. R.Balayev də yaradıcılığı fonunda sənətinə olan hörmətini, ekran əsərlərinin cəmiyyətin maariflənməsi istiqamətindəki rolunu təsdiqləmişdir. Çəkildiyi filmlərlə yanaşı, səsləndirdiyi ekran əsərlərinə də böyük uğur qazandırmışdır. Müxtəlif janrlı filmlərdə fərqli xarakterli rolları məxməri, ahəngdar səsi ilə səsləndirmişdir. “Tütək səsi” kinodramında Nuru (Ötkəm İsgəndərov), “Bizim küçənin oğlanları”nda İbrahim (Şahmar Ələkbərov), “Əzablı yollar”da Məlikməmməd (Ötkəm İsgəndərov), “Qara gölün cəngavərləri”ndə Fəttahov (Hacı Murad Yagizarov), “Mən mahnı qoşuram”da sədr (Eldəniz Zeynalov), “Üzeyir ömrü”ndə Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev), “Nizami”də Nizami (Müslüm Maqomayev), “Bəyin oğurlanması”nda Elxan (Füzuli Hüseynov), “Bağ mövsümü”ndə Kələntər (Hacı Murad Yagizarov), “Burulğan”da Murad (Məmməd Məmmədov), “İşarəni dənizdən gözləyin”də komandan (Fuad Poladov) və digər obrazlara ifaçılar qədər uğur gətirmişdir. “Mozalan” satirik kinojurnalında bədii və sənədli süjetlərdə kadrarxası mətnləri mövzuya uyğun intonasiya və replikalarla səsləndirmiş, müəlliflərin niyyət və məqsədini ustalıqla çatdırmışdır (“Akt və fakt”, “Astarı üzündən baha” və s.), sənətkarlıq mövqeyindən çıxış edərək maarifçilik mövqeyi nümayiş etdirmişdir. Həmçinin bir çox filmdə çəkilməklə yanaşı, paralel olaraq digər personajları peşəkarlıqla səsləndirmişdir (“Cavid ömrü”: rol – Hüseyn Cavid; səs – Cavidin gəncliyi (İman Məcidov), “Köhnə bərə”: rol – Salman, səs – Eldar (Fəxrəddin Manafov və s.).

Müxtəlif dövrlərin ab-havası, mürəkkəb situasiyalara olan yanaşmalar, davranışlar, xarakterlərin müxtəlifliyi aktyorun dərin sənət bilgisi, zəngin təcrübəsi sayəsində xarakterizə edilmişdir. Rolların yüksək təqdimatı filmlərin obrazları yox, obrazların filmləri xatırlatmasına, baxımlılığını artırmasına səbəb yaratmışdır. Əsl sənətkar qüdrəti də elə budur.

R.Balayevin nümunəvi kino yaradıcılığı tədqiqat obyektidir. Sənətkarın  çəkildiyi və səsləndirdiyi obrazlar haqqında uzun-uzadı danışmaq olar. Aktyorun vətəndaşlıq və sənətkarlıq mövqeyindən çıxış edərək yaratdığı rolları əsl sənət  nümunələridir. Azərbaycan kinosunun inkişafına canla-başla xidmət edən, həyatını bütünlüklə sənətinə həsr edən aktyorun varlığı kinomuz üçün bir tapıntı idi. Təəssüflər olsun ki, onun haqqında artıq keçmiş zamanda danışırıq və doğum gününü onsuz qeyd edirik (29.03.2026). Yaradıcılığının fövqündə kino tarixinin mühüm hissəsini xatırladan, peşəkar kino ailəsini, məzmunlu ekran əsərlərini göz önündə canlandıran ustad sənətkarımızı xatırladıqca, nə yaxşı ki, Azərbaycan kinosunda Rasim Balayev fenomeni oldu, nə yaxşı ki, bu dünyadan Rasim Balayev gəldi-keçdi deyərək, xatirəsini əziz tuturuq, uca Allahdan rəhmət diləyirik.