Suçiçəyi geri qayıda bilər: Kimlər risk qrupundadır?

Suçiçəyi keçirən insanların əksəriyyətində uzunmüddətli immunitet formalaşır. Buna görə də xəstəliyə yenidən yoluxma halları olduqca nadir rast gəlinir.

Bu barədə rusiyalı infeksionist Dariya Namazova RT-yə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, suçiçəyinə səbəb olan “Varisella-Zoster” virusu sağaldıqdan sonra orqanizmdən tamamilə xaric olmur və sinir düyünlərində passiv vəziyyətdə qala bilir.

İmmunitet zəiflədikdə virus yenidən aktivləşə bilər. Lakin bu zaman suçiçəyi deyil, kəmərləyici herpes (herpes zoster) inkişaf edir. Xəstəliyin əsas əlamətləri dəridə yanma hissi, ağrı, həssaslıq və daha sonra bədənin məhdud nahiyəsində yaranan qabarcıqlı səpgilərdir.

Mütəxəssis bildirib ki, virusun yenidən aktivləşməsi riski immunçatışmazlığı olan şəxslərdə, orqan transplantasiyasından sonra, onkoloji xəstəliklərin müalicəsi zamanı, immuniteti zəiflədən dərman qəbul edənlərdə və yaşlı insanlarda daha yüksək olur.

Həkim əlavə edib ki, kəmərləyici herpesi olan şəxs əvvəllər suçiçəyi keçirməyən və ya bu xəstəliyə qarşı peyvənd olunmayan insanlara virusu yoluxdura bilər.