Hər bir azərbaycanlıya xatırlatma: “Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”
Məlum olduğu kimi, xaricdə yaşayan bloger Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq müəyyən iddialar səsləndirib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bloger Tural Sadıqlı ilə söhbətində olduğu kimi, Ələmdar Bünyadovla dialoqda da əsl dövlətçilik təfəkkürü ortaya qoyub, öz məntiqi ilə qarşı tərəfi sözün həqiqi mənasında mat qoyub. Blogerin Nardaran olaylarından söz salması fonunda Azərbaycanın milli maraqlarına diqqət çəkən Hikmət Hacıyev, dövlətçilik mənafayinə, Ulu Öndər Heydər Əliyev irsinə və Prezident İlham Əliyev siyasətinə sadiqlik nümunəsi olan tarixi ifadə işlədib. Prezidentin köməkçisi qeyd edib ki, “Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”.
Hikmət Hacıyevin bu ifadəsi sadəcə hər hansı bir blogerə verilən cavab deyil. Bu, istisnasız olaraq hər bir azərbaycanlı üçün mütləq şəkildə nəzərə alınması gərəkən zərurət, bir yol xəritəsidir. Hər bir azərbaycanlı harada yaşamasından, hansı statusa malik olmasından asılı olmayaraq, bu gerçəkliyi nəzərə almalı, Azərbaycanın suverenliyinə və mili təhlükəsizliyinə zərrə qədər də olsun xələl gəlməsinə imkan verməməlidir.
Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə münasibəti hər bir azərbaycanlının mənəvi pasportu, ruhi kimliyidir. Və istənilən azərbaycanlının vətən, dövlət, bayraq anlayışına gerçək münasibətini bu kimliyə nəzər salmaqla aşkarlamaq, onun sözü və əməli arasındakı əlaqəni asanlıqla müəyyənləşdirmək mümkündür.




