Misirin Aralıq dənizi sahilindəki Damietta limanında Amerika şirkətinə məxsus yanacaq tankerinə pilotsuz təyyarə hücum edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” tankerin dron tərəfindən vurulduğunu bildirib. Bu arada, Misir Neft Nazirliyi limanda yanğın baş verdiyini təsdiqləyib, lakin dron hücumu və ya hadisənin səbəbi barədə heç bir məlumat verməyib.
Liman xidmətləri şirkəti olan “Inchcape”, Damietta limanında iki yanacaq tankerində yanğın baş verdiyini bildirib.
Ticarət əməliyyatları ilə tanış olan üç mənbəyə görə, pilotsuz təyyarə “Energos Winter” üzən saxlama gəmisinə dəyib, daha sonra yanğın başqa bir gəmi olan “Gaslog Salem”ə yayılıb. İki müstəqil təhlükəsizlik mənbəyi partlayışın ehtimal olunan səbəbini pilotsuz təyyarənin zərbəsi kimi qiymətləndirib.
İndiyə qədər heç bir qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib.




