“OpenAI”ın baş direktoru Sem Altman qısa videolardan asılılıq yaşadığını etiraf edib.
Altman bu barədə “Relentless” podkastında danışıb.
O bildirib ki, əvvəlcə “TikTok”dan platformanın iş prinsipini öyrənmək məqsədilə istifadə etməyə başlayıb, lakin sonradan tətbiqə aludə olub.
Altmanın sözlərinə görə, “TikTok”a marağı “OpenAI”ın süni intellekt vasitəsilə video yaradan eksperimental tətbiqi olan “Sora” üzərində işlədiyi dövrdə yaranıb. Konsepsiya baxımından “TikTok”a bənzəyən bu layihəni daha yaxşı başa düşmək üçün o, platformadan fəal istifadə etməyə başlayıb.
Altman qeyd edib ki, çox keçmədən “TikTok”un tövsiyə alqoritmlərinin niyə dünyanın ən uğurlu alqoritmləri sırasında göstərildiyini anlayıb.
“Əvvəlcə düşünürdüm ki, yatmazdan əvvəl cəmi 10 dəqiqə baxacağam. Sonra bu, bir saata çevrildi. Hətta bir dəfə təxminən üç saat fasiləsiz video izlədim”, – deyə o bildirib.
“OpenAI”ın rəhbəri etiraf edib ki, bu vərdişin zərərli olduğunu başa düşsə də, həmin an videolara baxmaqdan həzz alırdı və bu hissi narkotikin təsiri ilə müqayisə edib.
Altmanın sözlərinə görə, sonradan o, tətbiqdən istifadə müddətini gündə cəmi bir neçə dəqiqəyədək azalda bilib və daha sonra “TikTok”u tamamilə silib.




