Uşağın dünyaya gəlməsi insan həyatında təkcə emosional deyil, həm də fizioloji dəyişikliklər yaradır.
Bu barədə “Science Focus” nəşri yazıb.
Valideynlik ilk illərdə orqanizmə ciddi təsir göstərir
Nəşr yazır ki, ilk illərdə yuxusuzluq, stres və artan məsuliyyət orqanizmdə qocalma ilə əlaqəli prosesləri sürətləndirə bilər. Alimlər bu dəyişiklikləri “matressensiya” və “patressensiya” adlandırırlar. Bu anlayışlar valideyn olduqdan sonra baş verən hormonal, emosional, idrak və sosial dəyişiklikləri əhatə edir.
Hormonal və beyin dəyişiklikləri
Araşdırmalara görə, atalarda uşaq doğulduqdan sonra testosteronun səviyyəsi azala, oksitosinin səviyyəsi isə arta bilər. Alimlər hesab edir ki, bu dəyişikliklər valideynlə uşaq arasında bağlılığı gücləndirir və atanın körpənin ehtiyaclarına daha həssas yanaşmasına kömək edir. Eyni zamanda beyində də müəyyən dəyişikliklər baş verir. Bu, insanın yeni sosial rola uyğunlaşması və körpənin siqnallarına daha tez reaksiya verməsi ilə əlaqələndirilir.
Uzunmüddətli üstünlük də var
Mütəxəssislər bildirir ki, davamlı stres və yuxusuzluq hüceyrələrin qocalması ilə əlaqələndirilən telomerlərin daha sürətli qısalmasına səbəb ola bilər. Bu isə ürək-damar və bəzi neyrodegenerativ xəstəliklərin riskini artırır. Bununla belə, yaş artdıqca mənzərə dəyişir. İsveçdə aparılan araşdırma göstərib ki, 60 yaşdan sonra uşağı olan insanlar, orta hesabla, övladı olmayanlardan daha uzun ömür sürə bilirlər. Alimlər bunu yetkin yaşda övladların valideynlərinə göstərdiyi maddi, fiziki və mənəvi dəstək ilə izah edirlər.
Uşaqların sayı və valideynin yaşı da rol oynayır
2026-cı ildə Helsinki Universitetinin araşdırmasına görə, 24-38 yaş arasında valideyn olmaq qocalma baxımından daha əlverişli göstəricilərlə əlaqələndirilir. Araşdırma həmçinin göstərib ki, iki və ya üç uşağı olan qadınlarda uzunömürlülük göstəriciləri daha yaxşıdır. Dörd və ya daha çox uşağı olan qadınlarda isə bioloji qocalmanın daha sürətli getdiyi müşahidə olunub. Alimlər hesab edir ki, bunun səbəbi həm stres, həm də təkrar hamiləlik və doğuşların orqanizmə əlavə yük yaratmasıdır.




