ABŞ jurnalistlər və tələbələr üçün viza rejimini SƏRTLƏŞDİRDİ

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (DTN) xarici tələbələr, media əməkdaşları və mübadilə proqramları ilə gələn şəxslərə viza verilməsi prosedurunu sərtləşdirərək, onların ölkədə qalma müddətini 90 gündən 4 ilə qədər məhdudlaşdırıb. 

Bu barədə “Reuters” hökumət bildirişinə istinadən məlumat yayıb.

Sənədə əsasən, ABŞ hakimiyyəti qaydaların dəyişdirilməsinin onlara “əlavə müdafiə və daha ciddi nəzarət” imkanı verəcəyini, həmçinin viza sahiblərinin Birləşmiş Ştatlar ərazisində müvəqqəti qalma müddəti ərzində öz statuslarını qoruyub-saxlamalarını daha ətraflı izləməyə kömək edəcəyini gözləyir.

Xarici jurnalistlər, tələbələr və mübadilə proqramı ilə gələn şəxslər müvafiq olaraq I, F və J kateqoriyalı vizalar alırdılar. Köhnə qaydalara görə, bu sənədlər onlara ölkəyə gəlişin məqsəd və şərtlərinə riayət etdikləri müddətcə, məsələn, şəxs xarici qəzetdə işləməyə və ya Amerika universitetində təhsil almağa davam etdiyi müddətdə ABŞ-də qalmaq hüququ verirdi. Bu günə qədər belə vizaların bir çox hallarda sabit bir qüvvədə olma müddəti yox idi.

Yeni qaydaya əsasən, xarici media əməkdaşları işləmək üçün Amerika dövlətinə 240 gündən çox olmayan müddətə gələ biləcəklər, daha sonra isə zərurət yarandıqda bu müddəti uzada bilərlər. Çin vətəndaşları üçün bu müddət 90 günədək azaldılacaq. Xarici tələbələr və mübadilə yolu ilə gələn şəxslər ölkədə bütün təhsil müddəti və ya mübadilə proqramının davam etdiyi müddətdə, lakin dörd ildən çox olmamaq şərtilə qala biləcəklər.