“İlhamdan sonra özünü öldürmək istəyirdi, intihar edəndə bətnində körpəsi var idi” – Fərizənin qardaşı

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub. Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

Moderator.az-a açıqlama verən Fərizənin qardaşı Zakir Nəbiyev bildirib ki, İlhamla Fərizənin sevgisi yeni ailə həyatı quran gənclərə nümunə olmalıdır:

“Həm İlham, həm də Fərizə sayılıb-seçilən insanlar idi. Hər ikisi əməksevər, savadlı, qabiliyyətli gənc idi. Bir-birlərinə çox yaraşırdılar. O vaxt şadlıq evləri yenicə yaranırdı. Hər kəs çadır toyu edirdi. 9-cu mikrorayonda “Leyla” şadlıq evi var idi. Hər adam gedib restoranda toy edə bilmirdi. İlhamla Fərizənin toyu böyük təntənə ilə orada baş tutdu. Qonaqlarımız da çox idi. Bir bacı-qardaş olaraq biz də sevinirdik, valideynlərimiz də. Hər şey yolunda gedirdi.. Ta ki, 1990-cı il hadisələri baş verən gününə qədər. Biz də bir gənc olaraq meydanlara toplanırdıq. İlham da, Fərizə də vətənini sevən gənclər idi. Bu mövzularda da hər ikisi fəal idi. Vətən, torpaq həm İlham, həm də Fərizə üçün müqəddəs idi. Fərizə 4 qardaşın 1 bacısı idi. Bizim qulluğumuzda dururdu. Yeməyimizi hazırlamağımızdan geyimlərimizin ütülənməsinə qədər hamısını Fərizə edirdi. Atam çox zəhmli kişi idi. Bizimlə atamız arasında vasitəçi də məhz Fərizə idi. Elə mövzular var idi ki. sırf Fərizənin danışığına görə atam bizə mane olmurdu. Fərizə qarşısına nə məqsəd qoyurdursa, ona çatırdı. Deyirdi ki, mən ya həkim olmalıyam, ya da mikrobioloq. İlhama neçə qız fotosu göstərmişdilər, o yalnız Fərizə ilə evlənəcəyini demişdi. Fərizə də İlhamın bacısı Gülbənizlə bir sinifdə oxuyurdu, dost idilər. Onlar bizə gəlirdilər, biz onlara gedirdik. Bu münasibətin sonu evliliklə bitdi. Evlənəndən sonra Alatavada bizim evin yaxınlığında qalırdılar. Təzə-təzə anamgildə yaşayırdılar. Çünki İlham zavodda işləyirdi, ev vermişdilər, təmir etdirib bir müddətdən sonra ora köçəcəkdilər”.

Zakir Nəbiyev Fərizənin intihar etdiyi vaxt hamilə olduğunu bildirib:

“Həmin gecəni çox dəhşətlə xatırlayıram. 1990-cı il idi. Moskvadan təzə gəlmişdim. Çoxdandır atamı görmürdüm. Onun yanına getdim. İlhamgilə də ev vermişdilər. Ora yığışmışdılar. İlham da yanımda idi, havanın soyuq olduğunu deyib əynini geyinməyə getdi. Alatavada idik. Bir də gördüm gülləbaran başladı. Biz “Azərbaycanfilm” kinostudiyasının həyətinə qaçdıq. 4 saat orada qaldıq. İlham tonqalın ətrafına getmişdi. 20 yanvarda tankın qabağında ilk vurulan İlham olmuşdu. Əməliyyat etmişdilər, amma çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmamışdı. Fərizəyə bu xəbəri deyəndən sonra yəqin ki, baş verənləri təsəvvür edə bilərsiz. Bütün aləm bir-birinə dəydi. Mən o günlərin canlı şahidiyəm. Fərizə İlhamdan sonra özünü öldürmək üçün planlar qururdu. Bir dəfə özünü yandırmaq istəyəndə mane olmuşdular. Sirkə içib intihar edəndə isə artıq gec idi. Bizim nəslimizdə nə iki dəfə arvad alan yoxdur, nə də iki dəfə ərə gedən… Bu qəbuledilməz idi. Fərizə də o tərbiyəni almışdı. Çıxış yolunu intiharda gördü. Fərizə bir söz işlətmişdi ki, “mən papaq deyiləm başdan-başa keçim”. Ailəmizdəki xanımlar deyirdilər ki, Fərizə hamilə imiş. Bizim aramızda pərdə olduğu üçün təbii ki, bu söhbətə heç vaxt qayıtmamışam”.

Zakir Nəbiyev deyir ki, 30 iyun tarixi-Milli Sevgililər Günü kimi nədənsə bir o qədər də çox təbliğ olunmur:“Rusdilli ailələrin böyük əksəriyyətində Azərbaycan dilinin, tarixinin təbliği yüksək səviyyədə getmir. Çünki tədris rus dilində olub. Bu təbliğatı, xüsusi və tarixi günləri özümüz etməliyik. Adlarını çəkmək istəmirəm, amma bir çox müğənnilər 14 fevralda-özlərinin də dediyi kimi Valentin günündə konsert verirlər. Bu birbaşa təbliğatdır. Valentinlər bizi parça-parça edib, bu günə salmayıblarmı?! Ona görə də bu sahədə təbliğat çox zəif gedir. Biz bacardığımız qədər bu qəhrəmanları xalqa və yeni nəsil gənclərə tanıtdırırıq. Məndən kiçik qardaşım Vaqifin qızının adı Fərizədir. O memar kimi fəaliyyət göstərir. Ailə həyatı qurub, Qəbələdə yaşayır”.