Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səsləndirilən təhdidlər fonunda sərhədyanı bölgə sakinlərinə müraciət edib.

Bu barədə Belarus dövlət agentliyi BelTA məlumat yayıb.

Məlumata görə, Qomel Vilayət İcraiyyə Komitəsinin sədri İvan Krupko Lukaşenko ilə görüşdən sonra dövlət başçısının mesajını açıqlayıb.

“Prezident xahiş edib ki, Qomel vilayətinin sakinlərinə çatdıraq: heç nədən narahat olmasınlar. İstənilən təcavüzkarın hücumunu dəf etmək üçün kifayət qədər güc və vasitələrimiz var. Vətəndaşlarımızın təhlükəsizliyi üçün lazım olan hər şey ediləcək”, – deyə Krupko bildirib.

Onun sözlərinə görə, görüş zamanı sakinlərin Zelenskinin ultimatumu və Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı rayonlara mümkün zərbələri ilə bağlı narahatlığı Lukaşenkoya çatdırılıb.

Krupko əlavə edib ki, sərhəddə təhlükəsizlik tədbirləri davam etdirilir və mövcud vəziyyət mürəkkəb olsa da, tam nəzarət altındadır.

Qeyd edək ki, bu bəyanat Lukaşenkonun Zelenskinin ultimatumu və Belarus ərazisinə mümkün zərbələrlə bağlı açıqlamalarına ilk reaksiyası hesab olunur.