“Azercell”in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib

0
497

Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü” kimi qeyd olunur. Bu günün təqvimdə xüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çox vacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir.

“Azercell Telekom” MMC öz fəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlı təşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. Azercell tərəfindən 2011-ci il, iyun ayının 1-də, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə yaradılan “Mobil Göz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır.

Klinika valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədilə fəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburi köçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azercell, 2009-cu ildə yaratdığı “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Hər iki klinika fəaliyyətləri boyunca 10 000-dən çox insanı müayinədən keçirib.

Xatırladaq ki, fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan və texnoloji aləmin ən son trendlərini abunəçiləri üçün daha da əlçatan edən “Azercell Telekom” MMC cari ilin iyul-avqust ayları ərzində  respublikamızın 30-a yaxın bölgəsində səfərdə olub. Layihəyə qoşulan Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları bu müddət ərzində 350-dən çox insana ödənişsiz tibbi yardım göstərib.

Məlumat üçün bildirək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.