Bakı polisi: AXCP üzvlərinin piketə görə tutulması barədə məlumatlar yalandır

0
422

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Cəbhəsinin (AXCP) üzvləri Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İdarədən verilən məlumata görə, həmin iddialar həqiqəti əks etdirmir.

Bildirilib ki, onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb.

“Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb.

Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan – əvəllər Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə ediblər.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib”, – deyə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Protokola baxılması üçün məsələ Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

“Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır”.