Yüzlərlə kilometr aralıda iki kənd düşmən olub, problemləri Bakını vurur

0
536

Bir kəndin suya atdığı kanalizasiya tullantıları digər kəndi cəhənnəmə çevirib, ekoloji fəlakət yaranıb, bizlərə də dəyir

 Bərdə rayonunun Xəsili kəndi çirkləndirilmiş sudan istifadə etmək məcburiyyətindədir. Kəndə gələn üç su kanalından heç birinin suyu təmiz deyil. Mənbəyi Yuxarı Qarabağ kanalından başlayan kanal Hacallı kəndindən keçərkən sakinləri tərəfindən çirklənməyə məruz qalır. Tövlələrdən və evlərdə məişətdə istifadə olunan su qarışığı da daxil olmaqla ayaqyolu tullantıları belə, həmin kanala axıdılır. Sputnik Azərbaycan-ın bölgə müxbiri Xəsili kəndində olaraq sakinlərin şikayətini dinləyib.

Xəsili kənd sakini Cəfərov Ələkbər bildirib ki, istifadə etdikləri su həddindən artıq çirklənmiş olduğundan kənd təsərrüfatı məhsulları da becərə bilmirlər. Nə əkirlərsə, məhv olur.

Bərdə rayonunun Xəsili kəndini göstərən yol nişanı
Bərdə rayonunun Xəsili kəndini göstərən yol nişanı

“Bu su ilə heç nə becərə bilmirik. Taxıl əkirəm məhv olur, pambıq əkirəm əmələ gəlmir, soğan əkirəm onun kimi. Nə əkirəmsə, çəkdiyim xərc batır. Səbəb isə istifadə etdiyimiz suyun yuxarı Hacallı kəndində həddindən artıq çirklənməsidir. Əllərinə nə gəlirsə suya axıdırlar. Tövlələrdən çıxan peyini bizim kimi toplayıb, əkin sahələrinə vermək əvəzinə kanala tökürlər. Bəlkə də, min baş heyvanın peyini, sidiyi kanala atılır. Ayaqyolunun da kanalizasiyası arxa axır. Sahələrdə suvarma işləri aparanda əl-üzümüzü yuya bilmirik”, – deyə sakin şikayət edir.

Ələkbər Cəfərov həddindən artıq çirkləndirilmiş suyun kənddə yaşayan sakinlərin sağlamlığına da təhlükə olduğunu bildirib: “Suyun bu qədər çirklənməsi sağlamlığımıza ciddi təhlükə yaradır. Uşaqlar xüsusilə tez-tez xəstələnir. Kanalın suyuna əl vuran allergiyaya tutulur. Kənd sakinlərinin 90 faizinin xəstələnməsinə səbəb üfunət, mikrob daşıyıcısı olan çirkli sudur. Kənd təsərrüfatı bitkilərini də suvarmaq olmur. Heyvanların ifrazatı ilə həddindən artıq çirklənmiş su bitkiləri yandırır. Əvvəllər təmiz su ilə əkdiyimiz pambıq iri gövdəli olurdu. İndi isə həmin pambığı ifrazatla zəngin su yandırdığından boyu bir qarış qalır. Həm sağlamlığımızı itiririk, həm də dolanışığımızı təmin edə bilmirik. Biz belə su istəmirik. Əlaqədar təşkilatlar bizim şikayətimizə qulaq assın. Bizi bu bəladan qurtarsınlar. Çirkli suyu dayandırıb, təmiz su verilməsini təmin etsinlər”.

Xəsili kəndinin digər sakini Sənan Səfiyev
Xəsili kəndinin digər sakini Sənan Səfiyev

Kənd sakinləri məsələ ilə bağlı olaraq bir çox yerlərə – Bərdə rayon İcra Hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsələr də, heç nə dəyişməyib. Suyu çirkləndirənləri durduran olmayıb. Hacallı sakinləri haqqında Bərdə rayon Suvarma Sistemləri İdarəsinin iddiası əsasında çıxarılmış cərimə sanksiyaları da qanuni qüvvəsini ala bilməyib.

Xəsili kəndinin digər sakini Sənan Səfiyev də kənddən keçən kanallarda həddindən artıq çirklənmənin olduğunu bildirib: “Biz hələ bir neçə il bundan əvvəl kəndimizə gələn kanalların Hacallı kəndində çirkləndirilməsi barədə bir çox səlahiyyətli orqanlara məlumat vermişik. Hətta 2016-cı ildə Hacallı kəndində kanala tullantı ataraq çirkləndirən şəxslər barədə məhkəmə qətnaməsi çıxarılıb. Ancaq məhkəmə icraçıları çıxarılan qətnamənin hüquqi qüvvəyə minməsinə nail olmayıblar. Hacallının 38 nəfər suyu çirkləndirən sakini onlara kəsilmiş cəriməni ödəməyərək, məsuliyyətdən yayına biliblər. Bizim tələbimiz də o deyil ki, onlar cərimə ödəsinlər. İstədiyimiz onların bizə gələn suya kanalizasiya, heyvan mənşəli tullantıları atmalarının qarşısının alınmasıdır. Təmiz su ilə təmin olunmaqdır”.

Bərdə rayonunun Xəsili kəndinin ərazisi
Bərdə rayonunun Xəsili kəndinin ərazisi

Sənan Səfiyev onu da əlavə edib ki, Bərdə Rayon İcra Hakimiyyəti yaranmış durum barədə məlumatlı olsa da, Hacallı kəndindəki sakinlərin qanunsuz, qeyri-insani hərəkətləri barədə ölçü götürülmür.

“İstəkləri olsa, bizi bu zülmdən qurtararlar. Həmin şəxslər üzərində nəzarəti gücləndirərlər. Suya çirkab axıdılmasını qəti qadağan edərlər. Hacallıları da bizim kimi heyvan tullantılarını bir yerə yığıb, başqa yerə daşımağa məcbur etməlidirlər”, – Sənan Səfiyev deyir.

Kənd sakinləri ilə söhbət zamanı o da məlum olub ki, nə əkirlərsə, ondan xeyir yox, ziyan çəkirlər. Pambıq əkirlərsə, məhsuldarlığı az olur, soğan səpirlərsə, bitmir.

“Pambıq 40-45 sentner verməli olduğu halda, 15 sentner məhsul götürürük. Soğan səpirik, bitirə bilmirik. Çirkləndirilmiş su soğanın cücərtilərini məhv edir. Soğandan başqa su ilə gələn alaq otları sahəni zəbt edir. Özümüz istifadə etməyə belə, tərəvəz məhsulları becərə bilmirik. Pomidoru, xiyarı bazardan almalı oluruq”, – deyə Xəsili kənd sakini Rafiq Məhərrəmov yaranmış şəraitdən şikayətlənib.

Rafiq Məhərrəmovun bildirdiyinə görə, onlar Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb, üzləşdikləri fəlakətdən qurtulmaq üçün kömək istəyiblər. Ancaq vəziyyət dəyişməyib. Xəsililər əlaqədar qurumlara yeni xahişlə müraciət etmək məcburiyyətində qalıblar. Bu dəfə isə onlar əvvəlkilərdən fərqli olaraq, hacallıların suyu çirkləndirilməsinin qarşısının alınmasını yox, kəndin başqa yerə köçürülməsini tələb edirlər.

Xəsili sakinləri Zülfüqar Fərəcov, Azay Talıbov, Bayram Bayramlı, Daşqın Talıbov da kəndin bəlasına çevrilmiş çirkli su problemində Meliorasiya və Su Təsərrüfatı ASC-nin iki yerli idarəsini günahlandırırlar. Belə ki, Hacallı sakinləri çirkli kanalizasiya tullantılarını Qarabağ Meşə Meliorasiya İdarəsinə məxsus dren kanala axıdırlar. Dren kanalın təmizlənməməsi, düzgün istismar olunmaması mövcud vəziyyətə gətirib çıxarıb. Xəsililər hətta, dren kanalın qabağı kəsilməsə kəndin su altında qalacağını iddia edirlər.

Belə ki, əgər dren kanal öz yükünü götürüb, kənddən keçə bilsə, çirklənmiş su xəsililərin təsərrüfatlarına ziyanlıq verməz, öz yolu ilə axıb getmiş olar. Məsələ ondadır ki, təmizlənmədiyindən, drenaj kanalı yükünü çəkə bilmir və suvarma kanalına birləşdirilib. Bununla da problem Bərdə rayon Suvarma Sistemləri İdarəsinin üzərinə ötürülüb. İdarənin isə üzərinə düşən vəzifələrdən biri kanalın mühafizəsini təşkil etmək olsa da, bunu edə bilmir.

Sakinlərlə söhbət zamanı məlum olub ki, hacallılar tövlələrini bel ilə təmizləyib, tövlədən kənara atmırlar. Onlar tövlələri təmizləmək üçün qədim yunan əsatirlərinin qəhrəmanı olmuş Heraklın yolunu seçiblər. Qarabağ kanalından götürdükləri suyu tövlələrinə yönəldərək, yuyur, oradan xəsililərə sarı gedən kanala axıdırlar. Bununla da işlərini yüngülləşdirmiş olurlar.

Maraqlıdır ki, bu problem dolayısı ilə Bakı sakinlərinə toxunur. Xəsili kənd sakinləri ilə söhbət zamanı məlum olub ki, xəsililər becərdikləri qarpızı özləri yemir, Bakı bazarlarına göndərirlər. Onu da qeyd edirlər ki, əvvəllər 1 hektar sahədən 100 ton qarpız əldə etmək mümkün idisə, indi bu rəqəm 10 dəfəyə qədər azalıb. Əkilən bostan sahələrində heyvan peyini vasitəsilə suyun yaydığı alaq otları sürətlə artır.

Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov xəsililərin şikayətlərində haqlı olduqlarını etiraf edib: “Həqiqətən də Hacallı sakinləri tövlələrindən peyin və heyvan ifrazatını dren kanala axıdırlar. Heyvandarlıqla məşğul olan 60-dan çox şəxs külli miqdarda vəsait xərcləməklə tövlələri dren kanalın üzərində tikiblər. Yeraltı xətt vasitəsilə tullantıları həmin kanala axıdırlar. Bir bələdiyyə kimi onlarla mübarizə aparmağa bizim gücümüz çatmır. Suvarma Sistemləri İdarəsi də bir dəfə məhkəməyə müraciət edib. Ancaq bacarmayıb. Bir dəfə xahişimlə Suvarma Sistemləri İdarəsi yuxarıdan suyu bağladı. Onda da mənim üzərimə qalxdılar ki, əkinimiz susuzluqdan yanıb gedir. Problem o qədər böyüyüb ki, onunla ancaq yuxarı dövlət orqanları məşğul olmalıdır”.

Bərdə rayonunun Xəsili kəndi
Bərdə rayonunun Xəsili kəndi

Dren kanalların sahibi olan Qarabağ Meşə Meliorasiya İdarəsinin mütəxəssisi Ramiz Fərzəli bildirib ki, doğrudan da Hacallı sakinləri heyvan tullantılarını tövlələrdən birbaşa drenlərə axıdırlar: “Kənd ərazisində yeraltı drenaj sisteminin sıradan çıxması kanalın öz məcrası ilə axmasına imkan vermir. Kənd sakinləri isə razı olmadıqlarına görə qapalı drenləri, yeraltı boruları açıq kanalla əvəz etmək mümkün olmayıb. Hazırda yeraltı drenaj sistemi İdarənin balansında olmadığından mübahisəli ərazidə Qarabağ Meşə Meliorasiya İdarəsi ümumiyyətlə məsuliyyət daşımır”.

Maraqlıdır, dren kanalın suvarma kanalına birləşdirilməsi Qarabağ Meşə Meliorasiya İdarəsini nəinki narahat etmir, heç özlərinin məsuliyyətlərinə belə aid etmirlər. Ərazidə dren kanallar şor suların axıdılması funksiyasını yerinə yetirməli olsa da, torpağın gələcəyini, onun münbitliyini mühafizə etmək bu idarənin üzərinə düşdüyü halda, göz görə-görə məhsuldar sahələr məhv olub gedir.

Sonda qeyd edək ki, ekoloji problemin məkanı olmur. Onun zərəri sərhədləri aşır. Xəsilidə çirklənmiş su ilə yetişdirilən kənd təsərrüfatı məhsulları – qarpız, soğan, kök Azərbaycanın bir sıra bazarlarına daşınır. Bakıda Xəsili məhsulu satılır. İstehlakçı nə bilsin ki, bu məhsul Hacallı sakinlərinin kanalizasiya tullantıları ilə həddindən artıq çirkləndirdiyi su ilə yetişdirilib.