Rep pioneri vəfat etdi – FOTO

Rep pioneri və dicey Afrika Bambata 67 yaşında Pensilvaniyada vəfat edib.

Bu barədə “TMZ” məlumat yayıb.

Həqiqi adı Lens Teylor olan Afrika Bambata 17 aprel 1957-ci ildə Bronksda (Nyu-York) anadan olub. O, hip-hop mədəniyyətinin fəal formalaşdığı dövrdə küçə şənliklərində və “house-show”larda dicey kimi çıxış edərək məşhurlaşıb. Sənətçi “Universal Zulu Nation” adlı “şüurlu rep” hərəkatının üzvü idi. Onun 1980-ci illərdə işıq üzü görən debüt sinqlı “Zulu Nation Throwdown” qaradərili sənət xadimlərinin nailiyyətlərinə həsr olunmuşdu. Bambatanın kommersiya uğurunun zirvəsi isə 1984-cü ildə Amerika R’n’B çartında 4-cü pilləyə qədər yüksələn “Planet Rock” kompozisiyası olub.

1984-cü ildə Teylor özünün “The Soulsonic Force” qrupu ilə birlikdə “Beat Street” filmində çəkilib və orada “Frantic Situation” trekini ifa edib. Bir il sonra, 1985-ci ildə o, Maylz Devis, Bono və U2 kimi sənətçilərin iştirakı ilə yazılmış antiafarteid ruhlu “Sun City” albomunun prodüserliyində iştirak edib. Bundan əlavə, Teylor geniş musiqiçi çevrəsi ilə əməkdaşlıq edib: “Sex Pistols”dan Con Laydonla “World Destruction”, UB40 ilə “Reckless”, Ceyms Braunla “Unity”, Pol Okenfoldla “Planet Rock”ın 2000-ci il versiyası üzərində, həmçinin “Leftfield” qrupu ilə “Vanilla Sky” filminin saundtrekinə daxil olan “Afrika Shox” treki üzərində çalışıb.

Reperin həyatının son on ili bir sıra hüquqi qalmaqallarla kölgələnib: ona qarşı 1980-90-cı illərdə yeniyetmə oğlanlara və gənclərə qarşı seksual zorakılıq, insan alveri və pedofiliya ilə bağlı çoxsaylı ittihamlar irəli sürülüb. 2025-ci ildə sənətçi, 12 yaşından etibarən dörd il ərzində musiqiçi tərəfindən zorakılığa məruz qaldığını və digər yetkin kişilərə ötürüldüyünü iddia edən şəxsə təzminat ödəyib. Daha sonra hip-hop əfsanəsi Melle Mel bu zorakılıqlardan “hamının xəbəri olduğunu” bildirərək, bunu “hip-hopun ən ciddi qorunan sirri” adlandırıb.