Avropa ölkələrini etiraz dalğası bürüyüb.
Almaniyada dövlət qulluqçuları, İspaniyada fermerlər, İtaliyada isə olimpiadanın əleyhdarları küçələrə axışıblar.
Almaniyada ən böyük həmkarlar ittifaqı dövlət sektorunda çalışanları əmək haqqının artırılmasını tələb etməyə çağırıb. Etirazlarda həkimlər, yanğınsöndürənlər, müəllimlər, uşaq bağçası işçiləri və polis əməkdaşları iştirak edir. Etirazçılar istilik, elektrik enerjisi, su və uşaqların təhsili üçün gündəlik xərclərin artmasından şikayət edirlər.
İspaniyada isə Brüsselin ticarət siyasəti etirazlara səbəb olub. Madriddəki fermerlər yenidən küçələrə çıxaraq Cənubi Amerika bloku Merkosur ilə müqavilənin yenidən nəzərdən keçirilməsini və kənd təsərrüfatı sektoruna maliyyələşdirmənin artırılmasını tələb ediblər.
Bundan əvvəl İtaliyada minlərlə insan XXV Qış Olimpiya Oyunlarının açılış günündə Milanda yarışlara qarşı etiraz aksiyası keçirib.
Qeyd edək ki, iqtisadi tələblər, Avropa hakimiyyət orqanlarının qərarlarından narazılıq bir sıra Aİ ölkələri üçün ortaq gündəmə çevrilib.




