Fevralın 6-sı Xalq artisti, Azərbaycan teatr və kino aktyoru Rafiq Əzimovun doğum günüdür.
Rafiq Əliəşrəf oğlu Əzimov 1938-ci ildə Bakıda anadan olub.
O, 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Həmin dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.
Azərbaycan Dövlət Televiziyasında hazırlanan “Dibdat bəy” (Dibdat bəy), “Göz həkimi” (İvanov), “Oradan-buradan” (İsmayıl) teletamaşalarında oynayıb.
Rafiq Əzimov 1964-cü ildə ailə həyatı qurub.
Prezident təqaüdçüsüdür.
O, 1982-ci ilin dekabrın 1-də “Azərbaycan SSR əməkdar artisti” fəxri adına, 2000-ci il oktyabrın 28-də “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatı, “Sənətkar” medalı, 2018-ci il fevralın 2-də isə “Şöhrət” ordeni ilə təltif edilib.
2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş “Sənət sevgisi” filmi çəkilib.
Rafiq Əzimov kino və filmlərdə öz bacarığını məharətlə nümayiş etdirib.
Belə ki, o, “İblis” tamaşasında kiçik zabit, “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyö Jordan, “Ölülər” tamaşasında Məşədi Oruc, “Mahnı dağlarda qaldı” tamaşasında Rəhman obrazını canlandırıb, “Yeddi oğul istərəm” filmində Şahsuvar, “Babək” filmində Mirzə, “Topal Teymur” filmində Əlipaşa, “Cavad xan” filmində Mirzə rollarını səhnələşdirib.
Həmçinin bir neçə filmlərdə səsləndirmələr edib. “Qanlı zəmi” tammetrajlı bədii filmdə tacir, “Təxribat” tammetrajlı bədii filmdə vəkil, “Qızıl uçurum” tammetrajlı bədii filmdə Qüdrət obrazlarını səsləndirib.




