Arzularının dalınca ABŞ-a getdilər, indi də azərbaycanlılara kömək etmək istəyirlər – Video

0
512

Okeanın o tayında öz həyatlarını və bizneslərini quran azərbaycanlı qardaşlar, “Amerika arzuları”nı reallaşdırmaq istəyən həmyerlilərinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər

ABŞ-da öz uğurlu bizneslərini qurmağa nail olmuş azərbaycanlı Zaur, Aydın və Əli Kələntərli qardaşları okeanın o tayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlılara yardım etməyə hazır olduqlarını bildiriblər.

Onlar Amerikaya necə getdikləri, orada biznesə necə başladıqları, nə işlə məşğul olduqları və gələcək planlarından bir müddət əvvəl daimi məskunlaşmaq üçün ABŞ-a köçmüş azərbaycanlı aparıcı Aynur Talıbovaya müsahibələrində bəhs ediblər. Talıbova həmyerlilərimizlə müsahibənin videoçarxını özünün “YouTube”dakı səhifəsində yerləşdirib.

Kələntərli qardaşları on ildən artıqdır ki, Los-Ancelesdə yaşayırlar və öz bizneslərini də orada qurublar.

Onlar qeyd ediblər ki, Amerikada bütün sahələrdə böyük rəqabət var. Ancaq bu, sağlam rəqabətdir və öz işini keyfiyyətli görən, müasir texnologiyalara və innovasiyalara üstünlük verənlər, fərqli olmağı bacaranlar biznesdə uğur qazana bilərlər.

“Əgər sənin arzuların və bacarığın varsa, onu reallaşdırmağı bacaracaqsan. Ona görə də Amerika bizim xoşumuza gəlir. Bizim biznesimiz köynəklərin üstünə müxtəlif şeyləri çap etməklə bağlıdır. ABŞ-da belə geyimlər hər zaman populyardır” – deyən qardaşlar bildiriblər ki, onların kifayət qədər müştəriləri var.

“Amerikada və Los-Ancelesdə bu işlə məşğul olan firmalar çoxdur. Onlar sifarişlər qəbul edərkən, onların hazırlanması üçün 3-5 gün müddət qoyurlar. Biz isə sifarişi həmin gün yerinə yetiririk. Bu, bizim özəlliyimizdir. Bizim belə operativ və keyfiyyətli iş gördüyümüzü bilən yerli sakinlər, bir-birlərinə bu barədə məlumat verirdilər. Beləliklə, bizim müştərilərimizin sayı çoxaldı. İndi kifayət qədər müştərilərimiz var və onlar gördüyümüz işin keyfiyyətindən razı qaldıqları üçün daimi müştərilərimizə çevriliblər”, – deyən qardaşlar hazırda bizneslərini başqa istiqamətdə də genişləndirməyə başlayıblar. Onlar indi ABŞ-da çox populyar olan daşınmaz əmlak alqı-satqısı ilə məşğul olurlar. Dediklərinə görə, bu, ən sərfəli və risksiz biznesdir:

“Çünki ABŞ-da daşınmaz əmlak ucuzlaşsa belə, bilirsən ki, 1-2 il sonra bahalaşacaq və sən əmlakı yüksək qiymətə sata biləcəksən”.

Onlar daşınmaz əmlak biznesinə çox vaxt ayırmaq lazım gəlmədiyi üçün onunla məşğul olmağa üstünlük verirlər.

Kələntərlilər onu da qeyd ediblər ki, “Azərbaycanda arzularınla qalıb ölə bilərsən, Amerikada isə arzuların reallaşıb-reallaşmaması insanın özündən asılıdır”.

Yad ölkədə biznes qurmağın onlar üçün ilk dövrlərdə heç də asan olmadığını vurğulayan azərbaycanlı qardaşlar etiraf ediblər ki, Amerikaya gələrək burada biznesə başlamaq istəyən həmyerlilərinə kömək etməyə hazırdırlar.

“Bura gəlməyə, yaşamaq və işləmək üçün icazə almağa yardım etməyə söz vermirik. Amma əgər biznes qurmaq istəsələr, onlara hər cür kömək etməyə hazırıq” – deyən Kələntərli qardaşları öz bisneslərini genişləndirmək, başqa yerlərdə də filiallarını açmaq istədiklərini, amma bunun üçün işçi qüvvəsi lazım gəldiyini qeyd ediblər. Odur ki, onlar yerlilərinin Amerikaya gedib onlarla ortaq olmasından çəkinmirlər. Qardaşlar maraqlı və yeni ideyalara, startaplara açıqdırlar. Onların Azərbaycan dilində olan və ancaq dünyanın harasında olursa-olsun yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan saytlarına (https://azinus.com) daxil olaraq öz forumunuzu doldura, özünüz və ideyanız haqqında qısa məlumatı göndərə bilərsiniz. Əgər sizin ideyanız, startaplarınız maraqlı olarsa, qardaşlar onu dəyərləndirib maliyyələşdirə bilərlər.

Kələntərli qardaşları Amerikada yaşasalar da, Azərbaycanı və öz xalqını çox sevdiklərini bildiriblər. Odur ki, həmvətənlərinə okeanın o tayında həyata başlamağa və uğur qazanmağa yardım göstərməyə hazırdırlar.