Macarıstan səfiri Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

0
510

Sentyabrın 23-də Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Viktor Sederkenyi  Beynəlxalq Muğam Mərkəzində olmuşdur.

Milli.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov qonağı səmimi qəbul edərək Macarıstan ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını diqqətə çatdırıb. Direktor musiqinin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Səfir qəbula görə təşəkkür edərək birgə əməkdaşlığın perspektivlərindən söz açıb . Görüşdə cari ilin noyabr ayında səfirlik tərəfindən Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüş zamanı səfirliklə Beynəlxalq Muğam Mərkəzi arasında  əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Muğam Mərkəzilə Macarıstanın musiqi kollektivləri arasında  qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə  fəaliyyət istiqaməti mövzusunda məsələlər müzakirə edilib. Əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini  təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Qeyd edək ki, “Etnomusiqi inciləri” çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.

Diqqətə çatdırmaq istərdik ki, xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması  və eyni zamanda beynəlxalq  əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.

Heydər Əliyev Fondu tərəfindən milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması  və eyni zamanda beynəlxalq  əməkdaşlıq da Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.  Muğam Mərkəzi də öz fəaliyyət istiqaməti üzrə araşdırma yönlü layihələr və konsert proqramları gerçəkləşdirməyi qarşısına məqsəd qoymuşdur. Bu layihələrin həm paytaxt Bakıda həm regionlarda həm də ölkəmizin hüdudlarından kənarda reallaşırılması nəzərdə tutulmuşdur