İrəvan Bakı ilə danışıqlar paketini bu tarixdə dərc edəcək: Detallar açıqlandı

Ermənistanın baş naziri Nikol Paşinyan niyə ilin sonuna qədər Azərbaycanla danışıqlar sənədləri paketini dərc etmək qərarına gəldiyini açıqlayıb.

Paşinyan qeyd edib ki, bu, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlıdır. “Proses başa çatdıqdan sonra biz bu sənədləri ictimailəşdirə biləcəyik, sonra isə onların dərci üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq”, – Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Keçmiş prezident Serj Sarkisyanın başqa dövlətin rəhbərinə (danışıqlar mövzusu ilə bağlı – red.) məktubuna gəlincə, Paşinyan onu dərc etmək niyyətində olduğunu bir daha bəyan edib. O, konkret müddət göstərməsə də, hazırda sənədin məxfiliyinin ləğv olunduğunu bildirib.