Naxçıvan Muxtar Respublikasında yeni doğulanlarda gözlənilən ömür uzunluğu artıb

0
407

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı 2000-ci ilin sonuna nisbətən 26,1 faiz artaraq 1 iyul 2019-cu il tarixə 458 min nəfərə yaxın olub.

Müqayisə olunan dövrdə 1 yaşadək uşaq ölümlərinin azalması da əhali artımını təmin edib.

Belə ki, 2000-ci ildə muxtar respublikada hər 1000 diri doğulan hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 11,2 nəfər təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 2,3 nəfər olub. Əhalinin ölüm səviyyəsinin aşağı düşməsində müşahidə olunan pozitiv tendensiyalar da muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğunun artmasına təsir edib. Belə ki, 2000-ci ildə muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğu 70,9 yaş, o cümlədən kişilərdə 68,8 yaş, qadınlarda isə 73 yaş təşkil edirdisə, 2018-ci ilin yekun nəticələrinə görə bu göstərici 78,6 yaş, o cümlədən kişilərdə 76,6 yaş, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.

Muxtar respublikada qeydə alınmış yeni doğulanlarda gözlənilən ömür uzunluğu göstəricisi respublikanın digər regionlarından və Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Latviya, Litva, Xorvatiya, Bosniya və Hersoqovina, Monteneqro kimi Avropa ölkələrindəki müvafiq göstəricilərdən çoxdur. Son 15 ildə bəzi Avropa ölkələri üzrə yeni doğulanlarda gözlənilən ömür uzunluğu orta hesabla 3 yaş artdığı halda, Naxçıvan Muxtar Respublikasında bu göstərici 6,3 yaş olub.