Sosial şəbəkələrdə “Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.
Mətbuat katibinin sözlərinə görə, araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb.
Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunauyğun tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.
Yenot nazirliyin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Yenot baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə artıq buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə və heyvanlara həssas münasibət göstərdiklərinə görə ictimaiyyət nümayəndələrinə və bütün təbiətsevənlərə təşəkkürünü bildirir.