Şimali Atlantika Müqaviləsi Təşkilatının ( NATO ) hərbi rəhbərliyi yerüstü raketlər daşıyan Rusiya qırıcılarının vurulması prosedurunu sadələşdirəcək yeni qaydaları müzakirə edir.
Bu barədə “The Telegraph” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya təyyarələrinin silahlanması və uçuş marşrutu təhlükənin qiymətləndirilməsində əsas amillər olacaq. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç alyansa üzv olan ayrı-ayrı ölkələrin “milli ehtiyatlarını” aradan qaldıracaq vahid hava və raket əleyhinə müdafiə sisteminin yaradılmasını müdafiə edib.
Məsələnin çərşənbə günü keçiriləcək görüşdə NATO müdafiə nazirlərinin müzakirəsinə çıxarılması planlaşdırılır.
Sentyabrın 19-da Rusiyanın üç “MiQ-31” təyyarəsi Baltik dənizi üzərindən Kalininqrad vilayətinə doğru uçub. Estoniya Vaindloo adası yaxınlığında hava məkanını keçdiklərini və təxminən 12 dəqiqə orada qaldıqlarını bildirib.




