Rusiyada çoxarvadlılığı qanuniləşdirmək təklif edildi-Gözlənilməz…

0
544

Sentyabrın 25-də Rusiya müsəlmanları ruhani idarəsinin- Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin ölkənin müsəlman regionlarında çoxarvadlılığın leqallaşdırılması təşəbbüsü ilə çıxış edib. 
Moskva Patriarxlığı R. Qaynutdinin Moskva müftisi İldar Alyautdinov tərəfindən də dəstəklənən poliqamiyanı -çoxarvadlılığı qanuniləşdirmək təklifinə münasibət bildirib. Patriarxlığın kilsə-cəmiyyət və media əlaqələri şöbəsi sədrinin müavini Vaxtanq Kipşidze çoxarvadlılıq praktikasının xristian ənənəsinə uyğun olmadığını qeyd edib.
Eyni zamanda, Rus Kilsəsinin nümayəndəsi pravoslavlığın İslamın və yəhudiliyin   nikahdankənar münasibətlərin, yəni zinanın yolverilməzliyi ilə bağlı mövqeyini bölüşdüyünü vurğulayıb.
Rus Pravoslav Kilsəsinin protodiakonu Andrey Kurayev isə Rusiya imperiyası zamanında “kalmıkların öz çöl qanunlarına görə, müsəlmanların isə şəriətə uyğun yaşadıqlarını” xatırladıb.
Müftilər Şurası başçısı R.Qaynutdinin təklifini dəstəkləyən Rusiya paytaxtı müftisi İldar Alyautdinov belə bir tədbirin demoqrafik problemləri həll edəcəyini, yəni Rusiyada əhalinin artacağına səbəb olacağını və ikinci arvad olan qadınların hüquqlarını qoruyacağını qeyd edib.
Xatırladaq ki,  Şimal qonşumuzda çoxarvadlılıqla bağlı təkliflər vaxtaşırı səslənməkdədir. Hələ 2008-ci ildə, o zaman  Çeçenistan Baş nazirinin birinci müavini olan Ramzan Kadırovun respublikada çoxarvadlılığın tətbiq olunması barədə irəli sürdüyü ideyanı Rusiya Müsəlmanları Mərkəzi İdarəsinin ali müftisi Təlqət Tacuddin tamamilə dəstəklədiyini bildirmişdi. Müfti xatırlatmışdı ki, uşaq evlərindəki uşaqların yalnız üçdə iki hissəsinin canlı valideynləri var. “Ölkədə onsuz da mövcud olan praktikanı qanunla məhdudlaşdırmaq lazımdır. Belə ki, bəzi oliqarxların hərəsinin 40 arvadı var. Onlar bu qadınlara görə məsuliyyət daşımalıdırlar”-deyə Rusiya müsəlmanlarının rəhbəri vurğulamışdı.
2016-cı ildə Stavropol diyarının müftisi Muhammad Raximov da poliqamiyanın leqallaşdırılmasını təklif edib.
Qeyd edək ki, Ramzan Kadırov Çeçenistan prezidenti təyin olunandan sonra da, o cümlədən, son illər dəfələrlə eyni təklifi Rusiya rəhbərliyi qarşısında qaldırıb.
Bildiyiniz kimi, İslam bir müsəlmanın eyni vaxtda 4 arvada sahib olmasına icazə verir. Ancaq Allah bu halda möminə çox ciddi və ağır öhdəliklər qoyur. Bunlardan başlıcası, bütün xanımlara hər baxımdan bərabər münasibət və 4 ailənin də kifayət qədər maddi təminatıdır. Bu da hər kişinin maddi və mənəvi gücü çatan iş deyil…