Azərbaycanın Su Ehtiyatları və Kənd Təsərrüfatı İrsi

Azərbaycan Su Ehtiyatları Agentliyi və Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkənin su irsinin öyrənilməsi və qorunması istiqamətində mühüm addımlar atılmağa davam edir. Bu məqsədlə institutun əməkdaşları Füzuli rayonunun Cuvarlı kəndində aparılan tədqiqat işləri çərçivəsində qədim suvarma sistemi olan kərhizlərin vəziyyətini araşdırıblar.

Tədqiqat prosesi Elman Rufullayev, Pənah Abdullayev, Həsənov Zahir, Sadıqov Qardaşxan, Məmmədov Şahmar, Əhmədov Yusif və Novruzov Sahib kimi mütəxəssislərin iştirakı ilə yüksək səviyyədə həyata keçirilib. Kəndin relyef xüsusiyyətləri, yeraltı su mənbələri və tarixi kərhiz strukturlarının qorunub saxlanılması məsələləri diqqətlə öyrənilib.

Əsas məqsəd — bu ərazilərdə vaxtilə mövcud olmuş və kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan kərhiz sistemlərinin yenidən bərpası, onların müasir suvarma sistemlərinə inteqrasiya olunması və ekoloji balansın qorunmasıdır. Tədqiqat qrupu mövcud vəziyyəti təhlil edərək, kərhizlərin texniki vəziyyətini, bərpa potensialını və kənd təsərrüfatında istifadəsi imkanlarını qiymətləndirib.

Bu işlər təkcə elmi-tədqiqat xarakteri daşımır, eyni zamanda bölgədə dayanıqlı su təchizatı və ekoloji tarazlığın təmin olunmasına xidmət edir. Layihənin davamında əldə olunan nəticələr əsasında Cuvarlı kəndində və digər bölgələrdə bərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın qədim su irsinin dirçəldilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu cür təşəbbüslər olduqca önəmlidir. Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu bu istiqamətdə fəaliyyətini davam etdirərək həm tariximizi qoruyur, həm də kənd təsərrüfatının inkişafına dəstək verir.