Kamçatka diyarının Klyuçi kəndi vulkan külü ilə örtülüb. Havada onun hissəcikləri aşkar edilib.
Bu barədə Ust-Kamçatski bələdiyyə dairəsinin rəhbəri Oleq Bondarenko “Teleqram” kanalında məlumat verib.
Bondarenko xüsusi xidmət orqanlarının vəziyyətə nəzarət etdiyini və yüksək hazırlıq vəziyyətinə gətirildiyini vurğulayıb. “Vəziyyət pisləşərsə və kül intensiv düşərsə, əhali fərdi mühafizə vasitələri ilə təmin olunacaq”, – deyə rayon rəhbəri bildirib.
Kənd sakinlərinə zərurət olmadıqca açıq havada vaxt keçirməməyə, kül yağan zaman respirator, maska və eynək taxmaq tövsiyə olunub.
Qeyd edək ki, avqustun 7-nə keçən gecə Kamçatkada Klyuçevskoy vulkanının püskürməsinə ən yüksək aviasiya təhlükəsi kodu verilib. O, artıq 11 kilometr hündürlüyə kül yayıb və partlayıcı püskürməsi davam edir.




