Yunanıstan Müdafiə Nazirliyi Egey dənizi və Trakyadakı adalarda potensial münaqişə vəziyyətində daha çevik və dayanıqlı hərbi qüvvələr formalaşdırmaq məqsədilə yeni müdafiə planını reallaşdırmağa başlayıb.
Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti “Kod adı: Muxtar Adalar, Yeni Quruluşun Arxasındakı Doktrina” başlığı ilə təhlil yazısı dərc edib.
Məlumata görə, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın rəhbərliyi ilə hazırlanan plan, Trakya və Egey adalarında yerləşən hərbi hissələrin muxtariyyətini artırmağı və döyüş zamanı müstəqil qərar vermə imkanını gücləndirməyi hədəfləyir. Bu yanaşma “ön cəbhədə öz ayaqları üstə dayanan birliklər” konsepsiyasına əsaslanır.
Şərqi Egey adaları əlverişsiz bölgədədir
“Kathimerini”nin məlumatına görə, Şərqi Egey adaları Kiçik Asiya sahillərinə yaxın olduğu üçün münaqişə zamanı Yunanıstan üçün əlverişsiz mövqedə yerləşir. Hərbi təlimlərin əsas mövzusunu bu adaların geri alınması ssenariləri təşkil edir. Qəzet yazır ki, bu bölgələrdə döyüş qabiliyyətli, sürətli və müstəqil birliklərin yaradılması Ukrayna savaşından çıxarılan dərslərə əsaslanır. Yeni plan çərçivəsində Egey adalarına yerləşdiriləcək hərbi hissələr yüksək texnologiyalı avadanlıqlarla təchiz olunacaq. Hər bir bölmə hücum əməliyyatlarına uyğun dronlarla təchiz ediləcək.

Bütün əsgərlər Quru Qoşunlarına qoşulacaq
Yunanıstan Silahlı Qüvvələrinin say baxımından məhdud imkanları nəzərə alınaraq 1 yanvar 2026-cı ildən etibarən bütün əsgərlərin Quru Qoşunlarında xidmət edəcəyi bildirilib. Bu dəyişiklik adalara yerləşdirilən hərbi birləşmələrin daha çevik və müdaxilə qabiliyyətli qüvvələrə çevrilməsi məqsədi daşıyır.
Həmçinin, Egey adalarında PUA-lara qarşı müdafiə sistemləri yerləşdirilib. Yeni plan çərçivəsində bu sistemlərin təkmilləşdirilməsi və adalara yaxınlaşmağa cəhd edən gəmiləri vura biləcək raket sistemlərinin də yerləşdirilməsi nəzərdə tutulur.

Dörd yeni hərbi komandanlıq
Dendias tərəfindən elan edilən struktur islahatına əsasən, Quru Qoşunlarına Dəstək (ASDIS), Epirus-Makedoniya (ASDIM), Trakya (ASDITH) və Egey-Şərqi Aralıq dənizi (ASDAM) adlı dörd yeni hərbi komandanlıq yaradılacaq. Bu strukturlar Yunanıstan ordusunun yeni onurğa sütununu təşkil edəcək.
Müdafiə Nazirliyi bu layihələrin ən geci 2028-ci ilə qədər tamamlanacağını bəyan edib.




