Bakı Dövlət Universitetinin nüfuzlu müəllimlərindən biri, fəlsəfə elmləri doktoru, dosent, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədri Afaq İmaş qızı İsmayılova Azərbaycan dövlətçiliyinin inkişafı, milli-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi istiqamətindəki mühüm fəaliyyətinə görə yüksək qiymətləndirilib.
Afaq İsmayılova Beynəlxalq İnformasiya Alyansı – CIPDH-FD tərəfindən “Ulu Öndər” fəxri diplomu ilə təltif olunub. Diplomda qeyd edilir ki, alim bu mükafata dövlətçiliyin möhkəmlənməsi və milli idealların qorunması istiqamətində göstərdiyi müstəsna xidmətlərinə görə layiq görülüb. Təltif sənədində Ulu Öndər Heydər Əliyevin portreti əks olunmaqla, bu diplomun yüksək ictimai və mənəvi dəyərə malik olduğu vurğulanır.
Bundan əlavə, Afaq İsmayılova “Dəmir Yumruq” Beynəlxalq Dostlar Klubunun fəxri üzvü seçilərək ona xüsusi vəsiqə təqdim edilib. Qeyd edək ki, bu təşkilat beynəlxalq humanitar əməkdaşlıq, mədəni və mənəvi dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərən nüfuzlu platformalardan biridir.
Alim həmçinin 2025-ci ilin 26 iyul tarixində Azərbaycanın Birinci Qarabağ müharibəsi şəhidlərindən biri, igid Vətən oğlu Niyazi Əsgərovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimat mərasiminə xüsusi dəvət alıb. Bu tədbir çərçivəsində Afaq xanımın elmi və ictimai fəaliyyətinə verilən dəyər bir daha öz təsdiqini tapacaq.
Fəlsəfə elmləri doktoru, dosent Afaq İsmayılovanın elmi fəaliyyəti ilə yanaşı, milli vətənpərvərlik ruhunda yetişən yeni nəslin formalaşmasına göstərdiyi töhfələr Azərbaycan elmi və cəmiyyətinin inkişafında əhəmiyyətli rol oynamaqdadır.
Bu təltiflər Afaq İsmayılovanın uzunillik elmi-pedaqoji və ictimai fəaliyyətinin təntənəli nəticəsi olaraq həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınmasının bariz nümunəsidir.





