Azərbaycanın bənzərsiz qəhrəmanı odur

Sabiq hərbi hissə komandiri, hər iki müharibənin iştirakçısı, 05.01.1994-cü il Horadiz əməliyyatının əsas təşkilatçılarından biri, Azərbaycan Bayrağı ordenli Zahir Həsənovun doğum günüdür.


Azərbaycan Ordusunun formalaşmasında və Vətən uğrunda aparılan döyüşlərdə müstəsna xidmətləri ilə seçilən, hər iki Qarabağ müharibəsinin iştirakçısı, sabiq hərbi hissə komandiri, “Azərbaycan Bayrağı” ordenli Zahir Həsənov – bu ad təkcə bir insanı deyil, bir dövrün şücaət və fədakarlıq tarixini özündə ehtiva edir.
Zahir Həsənov 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsində xalqının və dövlətinin yanında duraraq Vətənin müdafiəsinə könüllü qoşulan ilk fədailərdən biri olub. 1991-ci ildən Milli Ordunun rəsmi yaranması ilə birlikdə Zahir Həsənov əvvəlcə 814 saylı hərbi hissədə, daha sonra 848 saylı hərbi hissənin qurucusu və komandiri olaraq fəaliyyət göstərib.
Birinci Qarabağ Müharibəsində Komandirlik Missiyası
1992-ci il fevralın 21-də Müdafiə Nazirliyinin əmri ilə Füzuli rayonunda yeni hərbi hissə – 848 nömrəli hissə yaradıldı və bu missiya Zahir Həsənova həvalə olundu. O, kənd məktəbində qərargah quraraq, könüllülərdən ibarət bir müdafiə xətti formalaşdırdı.
Bir gün ərzində İşıqlı kəndindən 72 nəfər könüllü hərbi hissəyə qoşuldu. Çağırış sistemi hələ formalaşmadığı üçün hər şey xalqın iradəsi, millətin qeyrəti və bu kimi fədakar liderlərin təşəbbüsü ilə baş tuturdu. Komandiri olduğu hissə Füzuli və Cəbrayıl rayonlarını əhatə edən 23 kilometrlik ərazidə düşmənin qarşısında sipər oldu.
1993-cü ilin oktyabrınadək düşmənə irəliləməyə imkan verilmədi. Sonradan düşmənin Böyük Bəhmənli istiqamətindən hücumu nəticəsində rayonların mühasirəyə düşməsi ilə Zahir Həsənovun hissəsi Horadiz-Cəbrayıl xəttində mühasirəyə düşdü. Lakin bu da onun döyüş ruhunu sındıra bilmədi.
İkinci Qarabağ Müharibəsində Ata və Oğul Çiyin-çiyinə
İllərlə çəkilən qisas hissi 2020-ci ilin sentyabrında gerçəkləşdi. 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Zahir Həsənov artıq 62 yaşında olsa da, yenidən silaha sarılmaq üçün orduya könüllü olaraq qatıldı. Onunla birlikdə oğlu da döyüşə yollandı.
Füzuli istiqamətində yerləşdirilən Zahir müəllim 72 nəfərlik dəstə təşkil edərək cəbhənin ehtiyaclarını qarşılamağa başladı. Onlar cəbhədə döyüşən 600 əsgərə ərzaq, təminat və dəstək çatdırdılar. Bütün bunlar Füzuli rayon sakinlərinin səfərbərliyi ilə bir neçə saat ərzində mümkün oldu. Bu, Zahir Həsənovun yalnız döyüşçü deyil, təşkilatçı liderlik keyfiyyətlərini də ortaya qoydu.

“Mənim üçün həyatda ən xoşbəxt günlərdən biri Azərbaycanda Ordusunun yaradıldığı gün və məni komandir təyin etdikləri gündür. Çünki Vətən çətin gündə idi və mən xalqımın igid oğullarını öz arxamca apara bildim.”

Təltiflər və Bugünkü Fəaliyyəti
Zahir Həsənov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bu orden onun illərlə çəkdiyi zəhmətin, canı və qanı ilə yazdığı tarixə dövlətin verdiyi ən ali qiymətlərdən biridir.

Hazırda da o, İctimai Nəzarət Koalisiyası sədrinin birinci müavini kimi aktiv ictimai fəaliyyətlə məşğuldur. Enerjisi, vətənə bağlılığı, prinsipiallığı və təşkilatçılıq bacarığı onu cəmiyyətin bütün qatlarında hörmətli bir şəxsə çevirib.

Zahir Həsənovu doğum günü münasibətilə DAMM, İNK, SİMİB kollektivi adından ürəkdən təbrik edirik!
Sizə cansağlığı, uzun ömür, davamlı ruh yüksəkliyi və yeni nəsillərə örnək olacaq fəaliyyətlər arzulayırıq. Vətənə olan sevginiz, mübariz duruşunuz və haqq yolundakı sarsılmaz əqidəniz daim yolunuzu işıqlandırsın!

Qəhrəmanlarımız var olduqca, Azərbaycan var olacaq!

Vətənin sədaqətli əsgəri – Zahir Həsənov

Zahir Həsənov Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edən qazilərimizdən biridir. 1988-ci ildən başlayan münaqişədə vətənin müdafiəsində yaxından iştirak edən qazimiz Birinci Qarabağ müharibəsində hərbi hissə komandiri olur.

Zahir Həsənovun dediklərindən:
“ – 1991-ci ildən Milli Ordu yaranandan ordu sıralarına getdik. Əvvəlcə 814 nömrəli hərbi hissədə xidmət etdim, bundan sonra, 1992-cü fevral ayının 21-də Müdafiə Nazirliyinə çağırıldım. Müdafiə Nazirliyindən göstəriş verdilər ki, Füzuli rayonunda 848 nömrəli hərbi hissə yaratmaq lazımdır. Onlar əmr verib məni həmin hərbi hissəyə komandir təyin etdilər. Mən Füzuli rayon rəhbərliyi ilə görüşdüm. Onlar və yerli əhalinin köməkliyi 848 nömrəli hərbi hissəni Füzuli rayonunun İşıqlı kəndində yaratmağa başladıq, yəni yerləşəcək yerimiz İşıqlı kəndinin orta məktəbidi. Sonra 848 nömrəli hərbi hissənin yaradılmasında ən maraqlı hadisə ondan ibarətdir ki, əsasən yerli əhalidən könüllər gəlirdi və bir gün ərzində İşıqlı kəndindən 72 nəfər hərbi hissəyə könüllü olaraq daxil oldu. O vaxt çağırışçılar yox idi. Çağırışçılar olmadığı üçün hissələr könüllərdən təşkil olunurdu. Və biz onlarla müqavilə bağlayırdıq. Sonra bizim əsas mövqeyimiz Hadrut rayon istiqamətində olduğu üçün Cəbrayıl rayonunun sərhədindən Füzuli rayonun Cuvarlı kəndinə qədər 23 kilometrlik ərazinin müdafiəsini hərbi hissə öz üzərinə götürdü. 1992-cü ildən 1993-cü ilin avqust ayına qədər mövqelərimizi qoruyub saxlaya bildik. Bir ildən artıq, iki ilə yaxın bir müddətdə düşmənləri torpaqlarımıza qoymadıq. Bu 1993-cü ilin oktyabr ayının 23-nə qədər davam etdi. Düşmən Böyük Bəhmənli tərəfdən hücum etdi, həmin kəndi işğal etdi. Demək olar ki, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarını mühasirəyə aldı. Biz Horadiz istiqamətindən – Cəbrayıl istiqamətinə qədər ərazidə mühasirəyə düşdük.”
Vətən müharibəsinin başlaması ilə qazimizin 30 illik qisas hissi kəskinləşir. Zahir Həsənov İkinci Qarabağ müharibəsində təminat birliklərində ordu sıralarına qatılır. Qazinin oğlu da Vətən müharibəsində iştirak edib.
Zahir Həsənovun dediklərindən:
“21 sentyabrdan çağırıldıq və Yanvarın 1-i tarixdə evə buraxıldıq. Oğlumla bir yerdə idim. Bu birinci tərəfi, İkinci tərəfi isə biz ikinci müharibədən danışırıq. Mən artıq 27 sentyabr 2020-ci ildə, yəni müharibə başlanan vaxt Füzuli rayonunda idim. Sumqayıt şəhərində də Füzuli rayon hərbi komissarlığına müraciət etdik, qeydiyyata da düşdük. Ancaq bu yaşda bizim aparılmağımız mümkün deyildi. Çünki mən müharibəyə ikinci dəfə gedəndə 62 yaşında idim. Mən 72 nəfərdən ibarət bir dəstə yaradıb orduda döyüşən cavan əsgərlərimizin sıralarına qoşula bildim. Biz artıq 30-u səhər saat 11-12 radələrində “N” hərbi hissəyə qoşulmuşduq. Biz həmin hərbi hissəyə qoşulanda 18-19-20 yaşlı cavan əsgərlərlə rastlaşdıq. Necə deyərlər, həm mənəvi dayaq olmaq üçün, həm də onlarla (hər halda onların getdiyi yolu biz gedə bilməzdik) müəyyən bir müddətdə və məsafədə onlara kömək üçün onlarla bir yerdə döyüşə başladıq. Bir müddətdən sonra komandanlıq tərəfindən əmr aldıq ki, nəyin bahasına olursa-olsun Füzuli şəhərinə 600 nəfərlik azuqə çatdırmaq lazımdır. “N” hərbi hissənin iki motoatıcı batalyonu, taboru həmin ərazidə döyüşürdü, onlara çatdırmaq lazımdır. Biz səhər tezdən saat 7-də Füzuli rayonunun kənd sakinlərinə bu barədə məlumat verdik. Saat 12-də artıq 600 yox 1200 nəfərlik, yəni bir neçə günlük azuqə hazır idi.”
Vətən müharibəsi bitdikdən sonra Zahir Həsənov “Azərbaycan bayrağı” ordeni ilə təltif edilir.

Mənim həyatda özümü xoşbəxt hiss etdiyim gün o gündür ki, Azərbaycanda ordu yaradıldı. Ordu yaradılan gün və komandir təyin olunduğum gündür ki, vətənimizin xalqımın ağır bir vəziyyətdə olduğu vaxt vətənin igid oğlanlarını öz arxamca apara bildim.


Hələ də böyük enerji, gözəl planlar üzərində çalışan Zahir Həsənov hal – hazırda həmçinin İctimai Nəzarət Koalisiyası sədrinin birinci müavinidir.
Onu tanıyanların hər biri onu təbrik etməklə yanaşı, yeni mübariz duyğularının reallaşması yolunda ona məxsus olduğu bütün gözəl insanı bacarıqları ilə uzun illər sağlam yaşamağı arzu edirlər.

“ictimaixeber.az”