Danimarkanın paytaxtı Kopenhagen yaşayış üçün dünyanın ən komfortlu şəhərləri reytinqində birinci yeri tutub. Son üç il ərzində bu reytinqdə ardıcıl olaraq lider Vyana olub.
Bu barədə “The Economist” məlumat verib.
Böyük Britaniyanın “Economist Intelligence Unit” (EIU) analitik mərkəzinin 2025-ci il üzrə illik reytinqinə 173 şəhər daxildir. Siyahı səhiyyə, təhsil, infrastruktur və ətraf mühit də daxil olmaqla bir neçə amil əsasında tərtib edilir.
Kopenhagen sabitlik, təhsil və infrastruktur baxımından yüksək bal toplayıb. Vyana ikinci yeri Sürixlə bölüşüb. İlk onluqda həmçinin Melburn, Cenevrə, Sidney, Osaka, Oklend, Adelaida və Vankuver yer alıb.
Üç ildən sonra reytinqdə ikinci yerdə qərarlaşan Vyana bir neçə insident səbəbindən mövqeyini itirib. Xüsusilə, ötən il Teylor Sviftin konsertində bomba təhlükəsi səbəbi ilə şəhərin sabitlik göstəricisi xeyli aşağı düşüb.
Reytinqin son sıralarında il ərzində ciddi dəyişiklik olmayıb. Dəməşq yaşayış üçün ən az əlverişli şəhər olaraq qalır. Həmçinin siyahının sonunda Dəkkə, Tripoli, Kəraçi və Əlcəzair qərarlaşıb.