Araz Musayevin Türkiyədə bıçaqlanmasının TƏFƏRRÜATI – VİDEO/YENİLƏNDİ

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.

Hadisə Türkiyənin Antalya şəhərində baş verib. Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.

Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.

Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb, küçədə yenidən dalaşmağa başlayıblar.

Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Hazırda Araz Musayevin səhhəti stabil ağır qiymətləndirilir.

***

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

XXX

Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.