İsrailin İctimai Yayım Korporasiyası “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında Ermənistan təmsilçisi Parqın çıxışından sonra teleaparıcının dediklərinə görə üzr istəyib.
Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Bundan əvvəl İsrailin “Kan 11” ictimai televiziya kanalının şərhçisi “Eurovision”da erməni iştirakçının çıxışından sonra demişdi: “Mən inana bilmirəm ki, biz bu uşaqlara Qüdsdə bütöv bir məhəllə vermişik, “Survivor” – bu mahnıya qulaq asdıqdan sonra hiss etdiyimiz şey budur”.
Bunun ardınca Ermənistan İctimai Televiziyası İsrailin ictimai yayımçısından açıqlama tələb edib. Cavab olaraq baş direktor Qolan Yohpazdan İsrail tərəfinin şərhçinin sözlərinə görə üzr istədiyi rəsmi məktub gəlib:
“İsraildə “Eurovision” verilişləri ənənəvi olaraq yumoristik və açıq-saçıq şərhlərlə müşayiət olunur, bu zaman bir neçə şərhçi mahnılar, ifaçılar və iştirakçı ölkələr haqqında gülməli və maraqlı açıqlamalar verir. İkinci “Eurovision” yarımfinalında şərhçilər birbaşa, yumoristik şərhlər, o cümlədən erməni mahnısı ilə bağlı ifadələr işlətdilər. Bu mahnı həm ölkəni, həm də erməni icmasının bəzi üzvlərini incitdi”, – İsrail tərəfinin açıqlamasında bildirilib.