Qərb yeni güc balansını qəbul edir: ABŞ-Rusiya danışıqlarının pərdəarxası sirləri açılır

0
43

Rusiya və ABŞ Ər-Riyadda keçirilən danışıqlarda Qərbin dünyada yeni qüvvələr balansını qəbul etməsinin və hörmətə əsaslanan münasibətlər qurmasının vaxtının yetişdiyini müzakirə ediblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərbin yeni qüvvələr balansını qəbul etməsinin və dünyanın əksər dövlətləri ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa başlamasının vaxtı çatıb. Biz bunu Ər-Riyadda amerikalı həmkarlarımızla da müzakirə etdik və əsas məsələdə razılığa gəldik: beynəlxalq əlaqələr hər bir ölkənin öz milli maraqlarının olduğunu dərk etmək əsasında qurulmalıdır”, – Rusiya XİN-in saytı Lavrovdan sitat gətirib.

Çərşənbə axşamı Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları baş tutub. Danışıqlar zamanı tərəflər Rusiya Federasiyası ilə ABŞ arasında əməkdaşlığın tam bərpası və onun qarşılıqlı maraq doğuran yeni sahələrə genişlənməsi üçün şərait yaratmaq barədə razılığa gəliblər. Xüsusilə, Moskva və Vaşinqton səfirliklərin və digər xarici qurumların işinə qoyulan süni məhdudiyyətlərin aradan qaldırılması, Ukrayna böhranının tezliklə həlli istiqamətində işə başlamaq üçün yüksək səviyyəli işçi qrupların yaradılması barədə razılığa gəliblər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ər-Riyadda tərəflər həmçinin Rusiya Federasiyası və ABŞ-ın nüvə dövlətləri kimi məsuliyyətini nəzərə alaraq, bir sıra beynəlxalq məsələlər üzrə kommunikasiyanı bərpa etmək barədə razılığa gəliblər. Tərəflər gələcəkdə kosmos, enerji və digər sahələrdə əməkdaşlığın bərpasını nəzərdən keçirmək niyyətində olduqlarını bildiriblər.