Prezident İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

0
485

 

Prezident İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək