Gənclər texnologiyadan ifrat dərəcədə istifadə edir – TƏHLÜKƏ

0
23

“İnsanlar öz narahatlıqlarını ailə və dostları ilə paylaşaraq rahatlıq tapmalıdırlar”.

Bu barədə ekspert Fərid Əliyev sosial media hesabında paylaşım edib.

“Son zamanlarda xüsusən də gənclər arasında stress və narahatlıq hallarının yayılması çox rast gəlinən bir problemdir. Belə vəziyyətin olması sosial gözləntilər, gələcək ilə bağlı narahatlıq və şəxsi problemlərdən qaynaqlana bilir. Sosial media və texnologiyanın həddindən artıq istifadəsi narahatlıq hissini daha da artıra bilir. Gənclər sosial mediada göstərilən mükəmməl həyat tərzlərini özləri ilə müqayisə edərək müəyyən narahatlıqlar hiss edə bilərlər. Buna görə sosial mediadan istifadəni mümkün qədər azaltmaq və texnoloji vasitələrdən konstruktiv şəkildə istifadə etmələrini tövsiyyə edərdim. Həyatda hər şeyin mükəmməl olmayacağını qəbul edərək özünü tənqid və narahatlığı azaltmaq lazımdır. Kiçik müsbətlərə görə, minnətdarlıq hissini çoxaltmaq, böyük problemləri isə kiçik və həll edilə bilən hissələrə bölmək də narahatlğı müəyyən qədər azaldacaq”, deyə o, bildirib.

Ekspert hazırda gənclərin texnologiyadan ifrat dərəcədə istifadə etdiyini deyir.

“İndi gənclərə baxdığımız zaman demək olar ki, texnologiyadan ifrat dərəcədə istifadə edirlər. Lakin müəyyən hobbilərlə məşğul olsalar məsələn musiqi, rəsm və.s bu da narahatlıq baxımından mümkün qədər onlara kömək olacaq. Başqalarına kiçik belə olsa yardımlar edərək özünü faydalı hiss etdirmək də mənəvi rahatlıq gətirəcək. Bir də, fiziki ünsiyyəti çoxaltmaq mütləqdir. İnsanlar öz narahatlıqlarını ailə və dostları ilə paylaşaraq rahatlıq tapmalıdırlar. Valideynlər də öz növbələrində övladlarının emosional vəziyyətini başa düşərək onları dinləməli və dəstəkləməlidirlər. Məktəb və universitet idarəçiləri psixoloqların dəstəyilə, stressin idarə etməsi ilə bağlı seminarlar, təlimlər təşkil etməli və belə halların necə idarə olunmasını gənclərə öyrətməlidirlər. Ən önəmlisi, gənclər özlərinə qarşı anlayışlı və mehriban olmalıdır. Sağlam həyat tərzi və emosional dəstək onların psixoloji rifahını gücləndirəcək”, F.Əliyev əlavə edib.