Şolts “doğru zaman” axtarışında – Putinlə danışmaq belə çətindir?

0
21

“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı üçün “doğru zaman” tezliklə gələcək”.

Bunu Almaniya kansleri Olaf Şolts ARD kanalına müsahibəsində deyib.

Alman siyasətçi dəfələrlə “doğru vaxt” gələndə Rusiya lideri ilə telefonla əlaqə saxlanılacağını deyib. Müsahibədə ondan belə bir məqamın nə vaxt olacağını soruşublar. Kansler isə “tezliklə” deyib.

O əlavə edib ki, belə bir söhbətdən əvvəl onun uzun müddətdir iştirak etdiyi çoxsaylı təmaslar olmalıdır.

Oktyabrın 1-də “Die Zeit” qəzeti Almaniya hökumətindəki mənbələrə istinadla yazıb ki, ölkə kansleri Rusiya lideri ilə danışmaq istəyir.

Eyni zamanda, sentyabr ayında Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit qeyd edib ki, Şolts Putinlə yalnız “bu anı uyğun hesab etdiyi halda” danışa bilər. Bunun fonunda Almaniyanın xarici işlər naziri Annalena Berbok Putini Şoltsla telefonla danışmaq istəməməkdə ittiham edib.

Oktyabrın 16-da kansler Rusiya Federasiyasının Prezidenti ilə Ukraynadakı münaqişənin həllini müzakirə etməyə hazır olduğunu bildirib. Şolts deyib ki, sülhə nail olmaq üçün mümkün səylər Ukraynanın arxasında və tərəfdaşlarla koordinasiya olmadan həyata keçirilə bilməz.