Trampın ikinci prezidentlik dövründə dünyanı nələr gözləyir? – PROQNOZ

0
25

ABŞ-da Donald Trampın ikinci prezidentlik müddəti başlayarkən dünyanı nələrin gözlədiyi ilə bağlı mövzu gündəmə gəlib. Ölkənin aparıcı politoloqlarından olan professor Uilyam Enqdal bununla bağlı açıqlama verib.

ABŞ seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. 47-ci prezident kimi Ağ Evdə ikinci dövrünü yaşayacaq Respublikaçılar Senat və Nümayəndələr Palatasında çoxluğa sahib olmağı bacarıb.

Respublikaçılar həm də Konqresdəki Demokratlar Partiyasının təmsilçilərini Konqresdən sıxışdırıb çıxararaq rəqib partiyanı gücsüz qoyub. ABŞ-ın məşhur politoloqu professor Uilyam Enqdal dünyanın taleyinə təsir edən seçkini dəyərləndirib.

Professorun maraqlı fikirlərini təqdim edirik:

“Donald Trampın ikinci prezidentlik dövründə ən böyük gərginlik xarici siyasətdə yaşanacaq. ABŞ seçkilərinin nəticələrini gözləyən və qlobal gərginliyi artıracaq addımlar atacaq bir çox ölkə var. Rusiya Ukraynaya son və böyük hücumunu həyata keçirmək istəyərkən, İsrail İranın bütün nüvə potensialını və hətta ölkədəki rejimi devirəcək böyük hücum planlaşdırır.

NATO-nun avropalı üzvləri Tramp dövründə Ukraynaya kömək etmək niyyətində olsalar da, indi başa düşürlər ki, onlar birbaşa Rusiya ilə vuruşmalı olacaqlar. Şimali Koreya Cənubi Koreyaya daha çox təzyiq göstərəcək. Çinin isə Tayvanı işğal etmək planları var. Lloyd Ostinin rəhbərliyi altında Müdafiə Nazirliyi Avropada Rusiyaya qarşı müharibə ehtimalına hazırlığa diqqət yetirir”.

Politoloq diqqətə çatdırıb ki, Pentaqonun strateji dəyişmə və uyğunlaşma prosesi Tramp dövründə çox mübahisəli olacaq:

“Unutmamalıyıq ki, Tramp təcridçidir. Tramp başqa ölkələrin daxili işlərinə qarışmaq istəmədiyi kimi, beynəlxalq müqavilələrdə də “ABŞ çətiri altında” məntiqini rədd edir. Trampın prioriteti həmişə ticarət və enerji sazişləri olub. Dünya bunu dərk etməsə də, Trampın dünyasında düşmənlər Meksika və ya immiqrantların gəldiyi Mərkəzi Amerika ölkələridir, ancaq İran istisnadır. Trampın seçki dövründə sui-qəsd cəhdlərinin arxasında İranın dayanması ilə bağlı iddialar Respublikaçı prezidentin şəxsi məsələsidir. Çox güman ki, ABŞ İranın enerji obyektlərinə hava zərbələri endirəcək.

Donald Tramp Çinin ən böyük təhlükə olduğunu açıq şəkildə bəyan edən və ABŞ-ın müdafiə konsepsiyasını, büdcəsini bu təhlükəyə uyğun təşkil edən ilk prezidentdir. Bu konsepsiya Co Bayden dövründə də davam etdi. Tramp konsepsiyanı tamamlayacaq və Sakit okeanda Çini çərçivəyə salmaq planını icra edəcək. Aydındır ki, Pekin Çini hərəkətsizləşdirməyə yönəlmiş hərbi fəaliyyətlərə şiddətli reaksiya verəcək. Avropa da bu təhlükəni gördü. NATO-ya üzv ölkələrin əsgərləri Sakit okeanda daim təlim keçir. Avropa təkcə öz ərazisində münaqişə ehtimalına deyil, həm də daha böyük qlobal risk olan Sakit okeanda münaqişə ehtimalına hazırlaşır”.

Professor Trampın xarici siyasətini vitse-prezident, müdafiə naziri və Xarici İşlər Nazirliyinə təyin olunacaq adların birgə müəyyən edəcəyini vurğulayıb:

“Biz bilirik ki, vitse-prezident J.D.Vens xarici siyasətdə Trampla həmfikirdir. Dövlət Departamentinə gəlincə, Trampın yaxın çevrəsində olan Rik Qrenell gələcək. ABŞ-ın Almaniyadakı keçmiş səfiri NATO-nun xərcləmələrində ən sərt mövqe tutan şəxs kimi yadda qalıb. Keçmiş dövlət katibi Mayk Pompeo və ya senator Tom Kottonun Müdafiə Nazirliyinə təyin olunma ehtimalı yüksəkdir. Hər üç şəxs ABŞ əsgərlərinin Yaxın Şərqdə olması ideyasının qəti əleyhinədir. Ona görə də belə qənaətə gəlmək olar ki, Trampın ikinci prezidentlik dövründə qısa müddətdə İsrail-İran və Suriyada gərginlik artacaq, Rusiya-Ukrayna müharibəsi orta müddətli dövrdə ən şiddətli mərhələsinə qədəm qoyacaq, ABŞ-Çin mübarizəsi uzunmüddətli perspektivdə öz zirvəsinə çatacaq”.