Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

0
88

“İnsanın qida rasionunda beş əsas qida qrupu olmalıdır. Sağlam qalmaq üçün bütün qruplar arasında tarazlığı qorumaq lazımdır”.

Bunu rusiyalı endokrinoloq-diyetoloq Darya Abaxina bildirib.

Onun fikrincə, birinci qrup C və A vitaminləri, fol turşusu, kalium və qida lifləri ilə zəngin olan tərəvəz və meyvələrdir. Tərəvəz və meyvələrdən gündə ən azı beş porsiya müxtəlif formalarda – təzə, dondurulmuş, qurudulmuş, qaynadılmış və ya pörtlədilmiş şəkildə istehlak etmək tövsiyə olunur. Bununla belə, konservləşdirilmiş və qurudulmuş qidalarda əlavə edilmiş şəkər və duzlara diqqət yetirmək lazımdır.

İkinci qrup makaron, taxıl, çörək, kartof və batat kimi nişastalı qidalardır. Onlar karbohidratların əsas mənbəyidir və həmçinin tərkibində dəmir, kalsium və B vitaminləri var. Tam taxıllı un məhsulları, tam taxıllı dənli bitkilər və makaron məhsulları seçmək, kartofu qabığı ilə yemək daha məsləhətlidir.

Üçüncü qrup quş əti, balıq, qırmızı ət və yumurta kimi zülallı qidalarıdır. Tərkibində dəmir, sink və B vitaminləri olan soya, mərcimək və lobya kimi bitki mənşəli zülal mənbələri də faydalıdır.

Həkim dördüncü qrupa kalsium, zülal və D vitamininin mənbəyi olan süd məhsullarını daxil edib. Darya Abaxina süd məhsulları üçün az yağlı variantları seçməyi məsləhət görüb.

Beşinci qrup piylər və yağlardır. Yağlar bədən üçün vacibdir, lakin doymuş yağların miqdarına nəzarət etmək və trans yağlardan istifadə etməmək vacibdir. Zeytun və ya kokos yağı kimi bitki yağlarına üstünlük vermək məsləhətdir.