Azərbaycanın yeniyetmə tennisçiləri Avropa turnirində yüksək nəticələr göstəriblər

0
547

13-20 avqust 2019-cu il tarixlərində Macarıstanın Kişkunfeledhaza şəhərində stolüstü tennis üzrə minikadetlər arasında keçirilən turnirdə və təlim-məşq toplanışında milli komandamız ölkəmizi uğurla təmsil edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxlaq Stolüstü Tennis Federasiyasının “Avrotalant” layihəsi çərçivəsində keçirilən turnirdə Azərbaycanın yeniyetmələrdən ibarət yığması 3 oğlan və 3 qız idmançı ilə təmsil olunub.

Qızlar qrup mərhələlərində yüksək xal qazanaraq turnirin ilk dördlüyündə qərarlaşıblar. Belə ki, Nürmətova Mərziyyə turnirin ikincisi, Əsgərova Aylin üçüncüsü, Aslanova Arzu isə dördüncüsü olub.

Oğlanlardan ibarət komandanın üzvləri Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil isə 6-cı yerə layiq görülüblər.

Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin İnkişaf proqramının bir hissəsi olan bu turnir və təlim-məşq toplanışlarının məqsədi milli Assosiasiyaların idmançıları arasında ən istedadlı gəncləri seçib onlara dəstək verməkdir.