Xəstəxanalarda əzablı növbələr, donan sistemlər – Bəs günahkar kimdir?

0
103

“İcbari tibbi sığortadan yararlanmaq və məni narahat edən ürək ağrılarının dərdini bilmək üçün xəstəxanaya müraciət etdim. İlk gün günorta gəldiyim üçün mənə məsləhət gördülər ki, artıq gecdir, gözləməyim. İkinci gün səhər saatlarından gəldim, növbə götürdüm. Günortaya yaxın, nömrəmin çatmasına iki sıra qalmış, dedilər ki, digər insanlar gözləməsin, limit doldu, həkim qəbul etməyəcək. O ağrı ilə kor-peşman evə qayıtdım. Məcbur olub, müayinə üçün özəl klinikaya müraciət etdim. Bu növbələr xəstəni daha çox gərginləşdirir, nəinki sağaltmaq”.
Bu sözlər müayinə olunmaq üçün xəstəxanaya müraciət edən Rəhimə Muradovaya aiddir.

Hamıya məlumdur ki, icbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Rəhimə xanım kimi tənzimlənə bilməyən növbələrdən bezən, həkimin qəbuluna düşə bilmək üçün gün ağarmamış tibb müəssisəsinin qapısında gözləyən minlərlə pasiyent var. Hələ qapıda gözləyənlərin qapı açılarkən mühafizəçilərlə davası, bir-biri ilə münaqişələri lap acınacaqlıdır. Tələbat çox, qeydiyyat şöbələrində işçi sayı az… Bunlar azmış kimi sistem də tez-tez donur.

Bəs vətəndaşların xidmətdən rahat istifadəsi üçün qeydiyyat problemi necə həll edilməlidir? Nə üçün onlayn qeydiyyat sistemi tam tətbiq olunmur?

Təkmilləşdirilmə işləri aparılanda sistem işləmir

Məsələ ilə bağlı TƏBİB-dən “Kaspi” qəzetinə bildirildi ki, xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır.

Fasiləsizlik tam təmin olunacaq

Qurumdan daxil olan məlumata görə, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC tərəfindən xidmət əlçatanlığını fasiləsiz təmin edə bilmək üçün hazırda “offlayn” mühitdə işləyə biləcək alternativ sistem yaradılır. Test rejimində pilot olaraq bir neçə tibb müəssisəsində sınaqdan keçirildikdən sonra sistemin zərurət yarandığı hallar üzrə tabeli tibb müəssisələrində tətbiqi planlaşdırılır. Bununla da xəstəxana məlumatlarının idarəedilməsində “onlayn” mühitdə yarana biləcək texniki ləngimələr zamanı fasiləsizlik tam təmin olunacaq.
Həkimin limiti nə vaxt dolur?

Həkimin xəstə qəbul etməklə bağlı limitinin dolması barədə şikayətlər də az deyil. Maraqlıdır, həkimin günlük xəstə qəbulu nə qədər olmalıdır? Ümumiyyətlə, limit nə qədərdir?

TƏBİB deyir ki, qurumun tabeliyində olan tibb müəssisələrində həkimlərin gündəlik iş saatı qanunvericiliyin tələblərinə əsasən, altı saat müəyyən olunub. Yəni həkimlər iş gününün sonuna kimi limit olmadan növbəlilik prinsipi ilə pasiyentləri qəbulunu və müayinəsini həyata keçirirlər: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti tərəfindən təsdiq edilmiş qaydaya əsasən, həkimlərin əməkhaqqı tərkibi – vəzifə (tarif) maaşından, həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Qaydaya əsasən, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr (bonus) təsdiq olunmuş iş günü həddinə əsasən hesablanır”.

Növbədə gözləyən pasiyentlər qəbul edilir

Bəzi ixtisas sahələri üzrə çalışan həkimlərə müayinələr üzrə işin nəticəsinə görə həvəsləndirici əlavələrin ödənilməsi həddi 35 nəfər pasiyent sayı olaraq müəyyən edilib: “Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlərə işin nəticəsinə görə həvəsləndirici əlavələrin ödənilməsi həddi iş günü üzrə 35 nəfər sığortaolunan olmaqla müəyyən edilib. Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin ödənilməsində iş günü üzrə hədd 15-35 pasiyent sayı arasında dəyişir. İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin ödənilməsi üzrə günlük həddin bitməsindən asılı olmayaraq, iş gününün sonuna qədər növbədə gözləyən pasiyentlər qəbul edilir. Təcili tibbi yardıma ehtiyacı olan pasiyentlərin, şəhid ailə üzvləri və müharibə iştirakçılarının qəbulu və müayinəyə cəlb olunması növbədənkənar aparılır”.

Vəziyyət gərginləşib

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, icbari tibbi sığortanın tətbiqi genişləndikdən sonra vəziyyət çox gərginləşib: “Sözsüz ki, İcbari Tibbi Sığorta Agentliyinin büdcəsi böyüdükcə xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı da artırıldı. Təbii olaraq, xəstələrin və pasiyentlərin tam hüquqi var ki, bu xidmətlərdən rahat şəkildə yararlansınlar. Lakin nəzarətsiz növbələr, donan sistemlər insanların narazılığına səbəb olur”.

Sistem özəl xəstəxanalar üçün donur?

Mütəxəssis deyir ki, problemin yaranmasının səbəbi mərkəzləşmiş xəstəxanaların sayının əhalinin sayı ilə adekvat olmamasıdır: “Orada çalışan işçilər birdən-birə bu axının qarşısında gücsüz vəziyyətə düşürlər. Məsələn, rayonlarda üç pəncərədə icbari tibbi sığortanın dörd əməkdaşı fəaliyyət göstərir. Amma birdən-birə bu pəncərə önündə dayananların sayı 100-ə çatır. Hətta kiçik həcmli böyük prosedur tələb etməyən hallarla bağlı da vətəndaşlar sığortadan yararlanmaq istəyirlər. Buna görə də xidmətdə ciddi problemlər, sistemdə donmalar olur. Bu problemlərlə yanaşı biz onu da müşahidə edirik ki, icbari tibbi sığorta əməkdaşı deyir ki, sistem özəl xəstəxanalar üçün donub, amma dövlət xəstəxanalarına göndərişlər edə bilirik. Belə anormal situasiya ilə də rastlaşmaq mümkündür. Sistemin donmaması üçün daha güclü informasiya tutumuna malik olan sistemlər tətbiq edilməlidir”.