Gürcüstandan Azərbaycana çağırış: Quru sərhədi açın, sizə möhtacıq

0
106

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələnlərin sayını artıracaq.

Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.

“Biz Azərbaycanın sərhədlərinin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayırıq, qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”, – Darçiaşvili Gürcüstanın Birinci Kanalında deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var.

“Bilirik ki, səbəblərdən biri koronavirus idi, o zaman sərhədlər təhlükəsizlik məqsədilə bağlanmışdı. Regionda sonrakı hadisələr ümumilikdə təhlükəsizlik baxımından inkişaf edib, ona görə də mən deyə bilmərəm ki, Azərbaycanın bu mövqeyi nədən qaynaqlanır və niyə belə bir qərara gəliblər. Əgər onlar fərqli qərar versələr və vətəndaşlarının Gürcüstana gəlməsi asanlaşsa, biz bunu alqışlayırıq”, – deyə Darçiaşvili bildirib.

Bundan əvvəl Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bəyan etmişdi ki, Azərbaycan tərəfindən quru sərhədin bağlanması səbəbindən ölkə 1,5 milyondan çox turist itirib və epidemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Və bu, gürcü rəsmisinin sözlərinə görə, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil ona gətirib çıxarıb ki, Gürcüstan turist axınını tam bərpa edə bilməyib.

Onu da əlavə edək ki, Azərbaycanla Gürcüstan arasında ancaq hava əlaqəsi var.