İrəvan separatizm kartını işə salır: Bakı Qərbi Azərbaycanı elan edə bilər

0
158

Qarabağda qondarma rejim məhv ediləndən sonra Ermənistana qaçan separatçıların baş qaldırdığı müşahidə edilir və burada əsas müəmmalı məqam Paşinyan hakimiyyətinin onlara qarşı olması, yoxsa dəstəkləməsidir.

Separatçılar İrəvana qayıtdıqdan sonra Ermənistan hakimiyyəti onlara qarşı müəyyən addımlar atırdı. Qondarma rejimin Ermənistanda fəaliyyətinin davam etdirilməsinə imkan verilmədi, aksiya keçirmələri, toplanmaları qadağan edildi. İlk baxışdan belə görünürdü ki, rəsmi İrəvan separatçıların Ermənistanda baş qaldırmasına qarşıdır və bunu müəyyən qədər nümayiş etdirdi də. Lakin hadisələrin inkişafında məlum oldu ki, bu addımlar separatizmin Ermənistanda davam etdirilməsinin qarşısının alınmasından daha çox, kosmetik xarakter daşıyır və konkret məqsədlərə hesablanıb.

– Separatçıların “Qarabağ kartı”ndan hakimiyyətə qarşı istifadə etməsinin qarşısını almaq, onları daxildən parçalamaq idi: separatçı Samvel Babayanın qondarma rejimin “sonuncu başçısı” Samvel Şahramanyana qarşı alternativ kimi istifadə edilməsi də buna hesablanmışdı;

– Separatçı “artsax” ideyasını tamamilə nəzarətə götürmək, hakimiyyətə təhdidi aradan qaldırmaq, eyni zamanda, separatizm kartını Azərbaycana qarşı rıçaq kimi əlində saxlamaqdır;

Proseslər göstərir ki, Ermənistan hakimiyyəti separatizm üzərində oyun oynayır. Şahramanyanın dəstəsinə qarşı çıxsa da, Babayan üzərindən separatizm kartını nəzarətə götürür. İki məqam xüsusilə bunu anlamağa imkan verir:

Birincisi, Şahramanyan-Babayan amilidir: Ermənistan hakimiyyəti separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyana qarşı çıxır, bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana isə heç nə etmir, əksinə ona “qucaq” açır. Görünən budur ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsi üzərindən daxili təhdidləri aradan qaldırmağa, əvəzində nəzarətə götürdüyü qondarma “artsax” ideyasını Bakıya qarşı mümkün kart kimi də əlində saxlamağa çalışır.

İkincisi, qondarma “artsax”la bağlı beynəlxalq komitənin yaradılmasıdır.

Bu ilin yanvar ayında yaradılan “komitənin” ideya müəllifi keçmiş xarici işlər naziri Vardanyan Oskanyandır. Oskanyan hazırda “komitən”nin koordinatoru kimi fəaliyyət göstərir. Komitə İrəvana qaçan separatçıların qondarma “parlamenti” tərəfindən yaradılıb, əsas “missiyası” Qarabağda artıq ləğv edilmiş separatizmi yenidən körükləmək üçün kənardan dəstək əldə etməkdir. Paşinyan hakimiyyəti birbaşa olmasa da, qondarma “parlamentdə” təmsil olunan Samvel Babayan vasitəsilə bu ideyanı dəstəkləyir. Eyni zamanda, “komitə”nin yaradılmasına və fəaliyyətinə heç bir maneə yaradılmır, əksinə qeyri-rəsmi formada dəstək verilir.

Məlumatlara görə, separatçılar Ermənistan hakimiyyətinin dəstəyi ilə “komitənin” beynəlxalq müstəvidə fəaliyyətini genişləndirir və Qərb təmsilçiləri ilə təmaslar yaratmağa çalışır. “Hraparak” nəşrinin məlumatına görə, Oskanyan və komitənin bir sıra üzvləri bir neçə həftədir Avropadadır: “Onlar Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə fəal görüşlər keçirir. (Qondarma) “artsax deputatları” gözləyir ki, Oskanyan martın ortalarında Ermənistana qayıdacaq və onlara keçirilən görüşlərlə bağlı məlumat verəcək. Lakin onlar bilirlər ki, Oskanyan xarici işlər naziri olduğu dövrdə Avropada qazandığı əlaqələri bərpa edə bilib, əsas fiqurlarla görüşlər keçirib. Onlardan biri də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaardır”.

Nəşr qeyd edir ki, Oskanyan 16 görüş keçirib.

“Komitənin hazırki hədəfi beynəlxalq mandat almaqdır. Bu prosesi hüquqşünaslar həyata keçirir. Ən sürətli variant QHT kimi qeydiyyatdan keçməkdir, lakin komitə üzvləri hesab edirlər ki, QHT aşağı statusdur, onlar beynəlxalq mandat əldə etməyə çalışır”, – nəşr yazır.

Faktlar “Qarabağda separatizm” kartının rəsmi İrəvan tərəfindən işə salındığını deməyə əsas verir. İstisna deyil ki, bu prosesi körükləyən əsas qüvvələrdən biri də hazırda Ermənistanı nəzarətə götürməyə çalışan Fransadır. Görünür, separatizm kartını Azərbaycana qarşı yenidən istifadə etmək niyyətləri var. Bu, Ermənistan üçün çətin perspektiv vəd edir. Çünki Azərbaycan əz ərazisində məhv etdiyi separatizmin nə Ermənistanda, nə də digər bir ölkədə yenidən “cücərməsi” ilə barışmayacaq. Bunun əvəzini ödəyən də başqası yox, Ermənistan olacaq.

a) Bu vəziyyətdə sülh sazişinin imzalanması təxirə düşə bilər və Ermənistanın “dalan ölkə” perspektivi davam edəcək;

b) Azərbaycan dövləti Qərbi Azərbaycan məsələsini rəsmi şəkildə bəyan edə və azərbaycanlıların öz tarixi yurdlarına qayıtmasını icmanın istəkləri səviyyəsindən dövlətin rəsmi strategiyasına çevirə bilər;

c) Qərbi Azərbaycanın elan edilməsi tarixi torpaqlarımızda qurulan Ermənistan dövlətinin ərazi baxımdan yox olması deməkdir;

Seçim Ermənistanındır. Ya Qarabağda məhv edilmiş və artıq Azərbaycan üçün heç bir təsir imkanı qalmayan separatizm kartından istifadə etməklə dövlət kimi mövcudluğunu sual altına salacaq, ya da baş qaldıran separatçıları bir daha “ayağa qalxmamaları” şərti ilə sıradan çıxaracaq.