Rusiya Qafqaza qayıdacaq və Ermənistanı… – Paşinyan üçün kabus ssenarisi

0
101

“Rusiya Ukraynada qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqelərini bərpa edəcək. Moskvanın bu bölgədə indiki passivliyi müvəqqəti xarakter daşıyır”.
B
u barədə erməni analitik Hayk Xalatyan deyib.

Analitik hesab edir ki, Qərbin planı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır: “Ermənistan bu planda ABŞ və Avropa İttifaqının əlində alətə çevrilib. Rusiya və Ermənistan arasındakı mövcud gərginlik də bundan qaynaqlanır. Maraqlıdır ki, Ermənistan hakimiyyəti siyasi oriyentasiyasını dəyişsə də, Rusiya ilə iqtisadi əməkdaşlığın yüksək tempini saxlamaq istəyir. Lakin siyasi əməkdaşlıq olmadan iqtisadi əməkdaşlığın davam etdirilməsi imkanı zəifdir. Rusiya rəsmiləri də bunu bir neçə dəfə dilə gətiriblər. Moskva anlayır ki, təhlükəsizlik sahəsində problemlər var, amma onlar hesab edirlər ki, bunun səbəbi Ermənistan hakimiyyətinin mövqeyidir. Ukrayna müharibəsi Rusiyanın Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını nəzərəçarpacaq qədər məhdudlaşdırdı, lakin Ermənistanla münasibətlərdəki problemin kökündə Paşinyan hakimiyyətinə inamın olmaması dayanır. Rusiya regional siyasətini Ermənistanın müttəfiq olmadığı paradiqmasında qurmağa məcburdur”.

Xalatyan qeyd edib ki, Ermənistan hakimiyyətinin Qərbə qeyd-şərtsiz etibarına rasional izah tapa bilmir.

“Görünür, İrəvan öz milli maraqlarını deyil, başqa paytaxtların göstərişlərini əsas tutur. Yaxud hesab edirlər ki, anti-Rusiya ritorikası nə qədər sərt olsa, Ermənistan Qərbdən bir o qədər çox yardım alacaq. Lakin Ermənistan rəhbərliyi unudur ki, Qərbin Azərbaycanla bağlı öz maraqları var. İndi Fransanın yeni strateji müttəfiq olduğu, Ermənistanı qoruyacağını demək dəb halını alıb. Soruşmaq istəyirəm, 2022-ci ilin oktyabrında Praqada masada kimlər əyləşmişdi? Paşinyan, Mişel və Əliyev Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsini imzalayanda kim var idi orada? Təbii ki, Makron. Mən Fransa ilə münasibətlərin kəsilməsini istəmirəm, lakin müttəfiqlərlə münasibətlərin səviyyəsini bu ölkə ilə müqayisə etmək olmaz”, – o deyib.

Erməni ekspert ABŞ daxili siyasətinin də Ermənistan üçün risklər vəd etdiyini diqqətə çatdırıb: “Respublikaçılar hakimiyyətə gələrsə, Cənubi Qafqaz Vaşinqtionun xarici siyasətinin diqqət mərkəzində olmaqdan çıxacaq və ABŞ üçün Türkiyənin bu regiondakı rolu xeyli artacaq. Respublikaçılar Ankaranın Yaxın Şərqdə Moskva və Tehrana qarşı alternativ güc olmasında maraqlıdırlar. Təbii ki, Ərdoğan Qərb üçün problemli müttəfiqdir, amma bütün hallarda müttəfiqdir”.

Xalatyan Rusiyanın Cənubi Qafqazdan getməyəcəyini vurğulayıb. Onun fikrincə, Rusiyanın bölgədə təsir imkanları zəifləsə belə, onun yerini Qərb tutmayacaq.

“Moskvanın hazırkı passivliyi Ukraynada qələbədən sonra aradan qalxacaq və Rusiya mövqelərini bərpa edəcək. Fikrimcə, Moskvanın regiondan taktiki geri çəkilməsi həm zamanla bağlıdır, həm də strateji səbəbləri var. Qərb bunu anlayır, ona görə Azərbaycan-Ermənistan münasibətlərini tez bir zamanda qurmaq istəyir ki, Rusiyanın regiona geri dönməyə yeri, səbəbi olmasın. Məhz buna görə Rusiya Ermənistan hakimiyyətinin siyasətini son dərəcə mənfi qəbul edir, çünki rəsmi İrəvan faktiki olaraq Vaşinqton və Brüsselin planlarını dəstəkləyir”, – erməni ekspert bildirib.