“Qisas əməliyyatı”: Ermənistanın sərhəd təxribatı nəyə hesablanıb?

0
125

Ermənistanın Zəngilan istiqamətində törətdiyi təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində erməni ordusunun döyüş postu darmadağın edildi. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 4 erməni hərbçi məhv edilib, bir hərbçi yaralanıb, lakin qeyri-rəsmi məlumatlara görə, itkilər daha çoxdur. Bu, erməni snayperinin atəşi nəticəsində bir əsgərimizin yaralanmasına verilən cavabdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, heç bir əsgərimizin qanı yerdə qalmır, ordumuzun cavab tədbirləri bunu bir daha göstərdi.

Baş verən təxribatın hədəflərinə nəzər yetirdikdə Ermənistanın təhlükəli oyun oynadığı aydın görünür.

Rəsmi İrəvan təxribatdan dərhal sonra “hadisənin araşdşırıldığını, atəş açan hərbçinin cəzalandırılacağını” deməklə, əslində məsuliyyəti üzərindən atmaqla, diqqəti ordu daxilindəki qruplaşmaların üzərinə yönəltməyə cəhd etdi. Hərçənd, bu təxribatın birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin hazırladığı sirr deyil.

– Atəş snayperdən açılıb və məqsəd məhz Azərbaycan ordusunun itki verməsinə nail olmaqdır;
– Yayılan videogörüntülərdən də bəlli olur ki, snayperçi əmrə uyğun hərəkət edir: əsgərimizi vurmaq üçün mövqe seçir, daha sonra erməni postuna qayıdır;

Ermənistanın siyasi məqsədləri fonunda da bu təxribatın məqsədyönlü olduğu aydın görünür. Bu təxribatın birdən çox hədəfi var.

Birinci hədəf, sülh prosesini pozmaq, danışıqların gündəliyini arxa plana keçirməkdir.

Azərbaycanda prezident seçkilərindən sonra Bakı və İrəvan xəttində danışıqların növbəti raundunun başlaması aktualdır. Gündəlikdə kommunikasiyanın açılması və sərhədin delimitasiyası əsas məsələ olaraq qalır.

Bakı Zəngəzur dəhlizinin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılmasını təklif edir. Bu, o deməkdir ki, Naxçıvana gedən Azərbaycan yükləri və sərnişinlərinə sərhəd yoxlanışı tətbiq edilməməlidir, bu marşrutdan istifadə edəcək digər ölkələrə məxsus yüklər gömrük və sərhəd yoxlanışından keçə bilər. Kalininqrad dəmir yolu təcrübəsinə əsaslanan bu təklif ilk dəfə Brüsseldə gündəmə gəlib. Ermənistan Zəngilan istiqamətində təxribat törətməklə məhz bu təklifləri arxa plana keçirmək, həmin marşrutun təhlükəsizliyini pozmaq istəyir.

Açılan snayper atəşi həm də sərhəddə son 4-5 ay ərzində müşahidə edilən sabitliyi pozmağa hesablanıb. Çünki bu sabitlik Ermənistanın sərhəd planına ziddir. “Güzgü prinsipi”ni təklif edən İrəvan istəyir ki, qoşunlar sərhəddən qarşılıqlı şəkildə geri çəkilsin. Bununla Azərbaycan ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyirlər, hərçənd, ordumuz işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədini bərpa edib. İrəvan sərhəddə təxribatlarla gərginlik yaratmaq və “güzgü prinsipi”ni aktuallaşdırmaq niyyətindədir. Bununla göstərir ki, “qoşunlar geri çəkilməsə sabitlik olmayacaq”.

İkinci hədəf, Ermənistanın revanşizm planıdır.

Rəsmi İrəvan bir tərəfdən “sülh mesajları” versə də, digər tərəfdən, ordunu silahlandırır və revanşizmə hazırlaşırdı. Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinin imzalanması, Hindistandan rəsmi Parisin dəstəyi ilə silahların alınması, ordunu modernləşdirmək istiqamətində atılan addımlar və s. bunun bariz nümunəsidir. Ermənistan rəsmilərinin verdiyi açıqlamalar da bu yöndə idi.

Baş nazir Nikol Paşinyan “The Telegraph” nəşrinə müsahibəsində özlərini “müdafiə etmək qabiliyyətində” olduqlarını, ordunu gücləndirdiklərini bildirmişdi. Halbuki, Paşinyanın indiki məqamda belə bir müsahibə verməsinə, eləcə də belə fikirlər səsləndirməsinə zərurət yaradacaq amil görünmürdü. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da Fransa, Hindistan və hansısa fövqəlgüc ölkədən silah almaları, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini bildirmişdi.

Törədilən təxribat bunun nəticəsidir. Görünür, Ermənistan sərhəddə təxribat hücumu ilə “əzələ nümayişi” sərgiləyir.

Üçüncü hədəf, Qərb Ermənistan üzərindən Cənubi Qafqazda yeni poliqon yaratmaq niyyətindədir.

Bu planın əsas hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və onun yerini tutmaqdır. Bunun üçün Azərbaycanla sərhəddə eskalasiya törədilməsi ssenarisini tətbiq edirlər. Çünki hərbi qarşıdurma yaşanarsa, Ermənistan Rusiya və KTMT-nin öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, ölkənin təhlükəsizlik sektorunu Fransa başda olmaqla Qərb tərəfdaşlarına həvalə edəcək. Bu hədəf nail olmaq üçün məhz sərhəddə təxribat ssenarisini seçirlər.

Baş verənlər təsdiq edir ki, Qərb Ermənistan üzərindən toqquşma planlarını işə salıb: Avropa İttifaqının müşahidə missiyasının tərkibi genişləndirilib; Fransa Ermənistanı sürətlə silahlandırır; Avropa məmurları mütəmadi olaraq, İrəvana gəlir, xüsusilə, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, ABŞ instruktorlarının Ermənistanda çalışması, eləcə də Çexiya casusunun sərhəddə saxlanması bu planın tərkib hissəsidir.

Göründüyü kimi, ABŞ və Fransa başda olmaqla Qərb cəbhəsi Cənubi Qafqazda yeni toqquşma müstəvisi hazırlayır. Məqsəd Rusiya və İran sərhədində gərginlik yaratmaq, Moskvanı Ermənistandan çıxararaq, onun yerini tutmaqdır.

Bütün bunlar Ermənistanın snayper atəşinin birdən çox hədəfinin olduğunu təsdiq edir. Hərçənd, Azərbaycanın “Qisas əməliyyatı” göstərdi ki, istənilən təxribat Ermənistana baha başa gələcək.